Azərbaycanda siyasi adam oğurluğu cinayətləri…

Niyə bu cinayətlərin üstü açılmır!?
Son illər Azərbaycanda siyasi oğurluq hadisələri genişlənməkdədir. İnsanlar ictimai- siyasi, jurnalist və s. fəaliyyətlərinə, eləcə də maddi durumlarına və vəzifələrinə görə oğurlanıb təhdid olunur, işgəncələrə məruz qalırlar. Oğurluq hadisələrinin arxasında bir çox hallarda mütəşəkkil dəstələr və hakimiyyətin güc strukturları, vəzifəli şəxsləri dayanır. Əksər hallarda isə bu cinayətlər açılmamış qalır. Bir neçə gün öncə tanınmış videoblogger Mehman Hüseynovun müəmmalı şəkildə ogurlanıb fiziki zorakalığa və hədə- qorxulara məruz qalması mövzunu yenidən aktuallaşdırıb.
Sonrakı illərdə bir çox tanınmış tənqidçi jurnalistlər, ictimai siyasi fəallar və vəzifəli şəxslərin özləri, eləcə də ailə üzvləri oğurlandı.
Siyasi adam ogurluğu niyə baş verir?
Apardığımız araşdırmalar göstərir ki, Azərbaycanda siyasi adam ogurluğu hadisələrinin baş verməsi hakimiyyətin xarakterindən, mahiyyətindən və cəzasızlıq sindromundan doğur. Çünki mövcud hakimiyyət öz varlığını korrupsiya, yalan, qanunsuzluq, dərəbəylik, məmur özbaşınalığı və avtoritar repressiya üzərində qurub. Mövcudluğunu qorumaq üçün zor aparatından istifadə edən hakimiyyət bu zorun yeriməsi üçün yetişdirdiyi adamları sonradan idarə və ram edə bilmir. Nəticədə dövlətin gücü ilə meydana çıxıb zorakalığı rəsmi siyasətə çevirənlər sonradan dövlətin sütunlarını sarsıdıb onun özünə problem yaradır. Son 15- 20 ildə adam ogurluğu və bir çox üstü açılmayan qətillərin bir ucu hakimiyyətdə təmsil olunan yüksək vəzifəli şəxslərə gedib çıxır. Məhz bu səbəbdən həmin cinayətlərin bir çoxunun gerçək səbəbləri və üstü açılmır. Dövlətin gücündən istifadə edib insanları ogurlayan, onlara işgəncə verən, mülkini, pulunu əlindən alan, reketçiliklə məşğul olan şəxslər cəzalandırılmayanda belə bu tip cinayətlərin davamlı olacağı şübhəsizdir.
Məğzindən, mahiyyətindən və niyyətindən asılı olmayaraq adam ogurluğu ən ağır cinayətlərdən sayılır. Bu cinayətin dövlət qurumları səviyyəsində vəzifəli şəxslər tərəfindən tamah və siyasi məqsədlər üçün həyata keçirilməsi isə ikiqat cinayətdir. Təəssüf ki, Azərbaycan və azərbaycanlılar hələ də adam oğurluğu cinayətindən sığortalanmayıb. Bu cinayətlərin tam şəkildə aradan qaldırılması üçün ölkədə demokratik cəmiyyət qurulmalı, qanunlar bütün gücü işə işləməli, məhkəmələr müstəqil fəaliyyət göstərməli, dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarət olmalı, Azərbaycanın beynəlxalq öhdəlikləri möhkəmlənməlidir.