Human Rights Watch: Azərbaycan hökuməti onu tənqid edənlərə qondarma ittihamlar irəli sürür

Beynəlxalq insan haqları təşkilatı “Human Rights Watch” NİDA-çı gənc Elgiz Qəhrəmana cəzanı pisləyib.
AzadlıqRadiosu xəbər verir ki, təşkilat gəncin tənqidi fikirlərinə görə həbs edildiyini, işgəncələrə məruz qaldığını vurğulayaraq, ona qarşı saxta və siyasi motivli ittihamların irəli sürüldüyünü, haqsız cəza kəsildiyini bildirir.
NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəman keçən ilin avqustundan həbsdədir. Onun haqqında CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. Yanvarın 16-da isə Bakı Ağır Cinayətlər Məhkəməsi gəncin 5 il 6 aylığa həbsi barədə qərar çıxarıb.
“Human Rights Watch” bir az əvvəl başqa iki NİDA-çının da Bayram Məmmədov və Qiyas İbrahimovun da eyni ittihamla üzləşdiyini, 10 illik həbsə məhkum edildiyini xatırladır.
Təşkilat Azərbaycan hökumətinin onu tənqid edən gənclərə qarşı oxşar vasitədən yararlandığını, amma bu “qondarma” ittihamlara kimsənin aldanmadığını bildirir, hökuməti bu gəncləri, eləcə də eyni ittihamla həbs atılmış digər siyasi məhbusları azad etməyə, onların polis məntəqəsində döyülməsi və təhqir edilməsi faktlarını araşdırmağa çağırır.