Ekonomika

Daha bir xarici şirkət Azərbaycanı tərk etdi

“Champion Technologies Russia & Caspian BV” şirkəti Azərbaycandakı filialını bağladı

Yanvarın 18-də “Champion Technologies Russia & Caspian BV” şirkəti Azərbaycan filialının bağlandığını elan edib. Şirkət Azərbaycanda 2004-cü ildən fəaliyyət göstərirdi. Xüsusi reagentlərin geniş çeşidini təqdim edir, neft-qaz sənayesində yaranan texniki problemlərin həllini təmin edirdi. Şirkətin təsisçisi Texasın CS-US Holdings, Inc (ABŞ) şirkəti idi.

23 illik iş təcrübəsi olan Türkiyənin “Seha” şirkəti də Azərbaycandakı filialını bağlayıb. O, elektrik malları və elektrik avadanlığı satırdı. Şirkətin sahibi Bəhri Tupuz “Hizmet” hərəkatı ilə əməkdaşlıqda ittiham edilib.

2016-cı ildə Azərbaycanda 20 illiyini qeyd edən “Nil Kitap Kirtasiye Sanayi Ltd. Sti.” şirkəti də “Hizmet” hərəkatı ilə əlaqələndirilib. O, bu gün adını dəyişib “Axent Kirtasiye” MMC-yə çevrildiyini elan edib. Şirkətin dəftərxana mallarının satışı üzrə mağazalar şəbəkəsi də var.

Bunlar Azərbaycanda fəaliyyətini dayandıran ilk xarici şirkətlər deyil. Baş verən iqtisadi proseslərdən sonra bir neçə xarici ölkə brendi (“Jumeirah”, “Kempinski” və digərləri) Azərbaycanı tərk edib. Vergilər Nazirliyinin “Vergilər” qəzetinin dekabra olan məlumatına görə, daha üç xarici şirkət (“Black Gold International Oil FZCO”, “CBC Polska” MMC və “Ex Libris Polska” MMC) Azərbaycandakı nümayəndəliyini bağlayıb.

Bundan əlavə, 2016-cı il dekabrın 16-da Milli Məclis Vergi Məcəlləsinə 200-dən çox dəyişikliyi qəbul edib. Vergi Məcəlləsinə 115 yeni maddə əlavə olunub, 83 dəyişiklik edilib.

Dəyişikliyi şərh edən iqtisadçı Natiq Cəfərli deyir ki, normal bir ölkədə vergi məcəlləsinə bir gündə bu qədər əlavə və dəyişikliklər olsaydı, biznes etiraz edər, orta və kiçik sahibkarlar bəyanatlar yayar, böyük biznes isə hökumətdən izah tələb edərdi:

“Normal iş adamı, xarici investor dəyişikliklərin məğzi bir qırağa, eşitsə ki, Məcəlləyə 115 yeni maddə əlavə edilib, dabanına tüpürüb ölkədən qaçar – necə ki, son həftələrdə onlarla xarici şirkətin nümayəndəlikləri bağlanır, otel bredlərinin adları binalardan silinir. Bu faktın özü belə sübut edir ki, bizdə iqtisadiyyat, biznes, bazar iqtisadiyyatı yoxdur, məmur, onların biznesi və maraqları var”.

Daha çox göstər
Back to top button