Siyasət

İlqar Məmmədov həbsdən Avropaya səsləndi

«OpenDemocracy» saytı ReAL Hərəkatının lideri, vicdan məhbusu İlqar Məmmədovun məktubunu dərc edib.

İ.Məmmədov Azərbaycan yataqlarına qoyulan xarici sərmayənin onun kimi siyasi məhbusları Əliyev rejiminin girovuna çevirdiyini yazır, məhz beynəlxalq tərəfdarları sayəsində «ağıllı diktatorlar»ın demokratları həbsdə saxladığını, eləcə də siyasi məhbusları məyus etdiyini deyir. Cənub Qaz Dəhlizi planının siyasi məhbuslara təsirindən danışır.

«Avropa Şurası mənim azadlığımın Avropa İnsan Haqları Məhkəməsi çərçivəsində qorumanın bütöv arxitekturasından ötrü vacib olduğunu bildirir, amma məni həbsə atanların cəzası hələ də verilməyib», – deyən İ.Məmmədov siyasi məhbusların durumunu və onları barmaqlıqlar arxasında saxlayanların cəzasızlığını Avropanın maraqlarıyla izah edir. O, Cənub Qaz Dəhlizinin (CQD) Qərbdən ötrü əhəmiyyətindən ətraflı danışır. Bu kəmərin sayəsində 16 milyard kubmetr Azərbaycan qazının Türkiyə və Avropa bazarlarına çıxarılacağını, üstəlik, həm Avropa Birliyi, həm ABŞ, həm də Türkiyənin sonralar kəməri Türkmənistana bağlamağa çalışdığını, bununla da Avropanın Rusiyadan asılılığını azaldacağını qeyd edir.

NECƏ OLUR Kİ, CQD REPRESSİYALARA TƏKAN VERİR?

İ.Məmmədov yazır ki, Cənub Qaz Dəhlizi layihəsi istənilən demokratik hakimiyyətin ürəyindən olardı. Hakimiyyətdə kim olur, olsun, bu layihəyə razılıq verər, sonra başqa əhəmiyyətli iqtisadi planlara baxardı. Amma inhisarlaşmanın olmadığı, rəqabətə əsaslanan iqtisadiyyat üçün bu layihə həyati əhəmiyyət daşımazdı.

«Ancaq İ.Əliyevin güclə nəfəs alan atasını Türkiyənin hərbi hospitalından ABŞ-ın ən yaxşı klinikasına Rusiyanın dövlət təyyarələri aparandan sonra… bütün hakimiyyətə yiyələnən bu şəxs böyük qüvvələrlə hesablaşmağa, sonra da belə sövdələşmələrlə daxildəki siyasi dissidentləri basqı altında saxlamağa öyrəşdi». İ.Məmmədov belə yazır.

İ.Məmmədovun sözlərinə görə, İ.Əliyev Cənub Qaz Dəhlizini Qərbə hətta hədiyyə kimi təqdim etmək niyyətində imiş, bütün layihəni maliyyələşdirməyi planlayırmış. Və bunun müqabilində Qərb Azərbaycanda insan haqları və demokratiyadan danışmamalı imiş: «Yəqin bu siyasətə güvənərək, Azərbaycan hakimiyyəti 2013-cü ildən vətəndaş cəmiyyətinə görünməmiş hücumlara başladı».

«Yalnız neft ucuzlaşdığından layihənin Azərbaycana düşən payını 4 beynəlxalq maliyyə institutunun – Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Dünya Bankı və Asiya İnkişaf Bankının köməyiylə ödəmək qərarına gəldilər».

Daha çox göstər
Back to top button