İctimaiyyət

NİDA-çı: “Məni möhkəm döyür, söyür, telefona çəkərək ələ salıb gülürdülər”

Vəkil Elçin Sadıqov 30 sutka həbs edilən NİDA-çı Rəhim Vəliyevlə görüşüb. Bu barədə vəkil “Facebook”da yazıb. Bildirib ki, müvəkkili 18-ci Polis Bölməsində və Nərimanov Rayon Polis İdarəsində məruz qaldığı ağır işgəncələr, qeyri-insani və insan ləyaqətini alçaldan rəftara məruz qalması barədə ifadə verib. Vəkil bununla bağlı Baş Prokurorluğa şikayət verəcəklərini də deyib.

Elçin Sadıqov Rəhim Vəliyevin verdiyi ifadəni də paylaşıb:

“Yanvarın 16-sı saat 11 radələrində Əhməd Ağaoğlu ilə Əliəşrəf Əlizadə küçəsinin kəsişməsində 18-ci polis bölməsinin əməkdaşları Rəşad Qasımov, Rəşad İsmayılov, Vasif Orucov və Namiq adlı mülki geyimdə olan polislər məni ağ rəngli 90-DN-102 nömrə nişanlı avtomobilə basıb 18-ci polis bölməsinə apardılar. Orada məndən “Facebook” statuslarımı, paylaşımlarımı silməmi, hesabımı bağlamamı tələb etdilər. İmtina etdim. Məni rəisin otağına apardılar. Rəis məni təhdid etməyə başladı ki, “silməsən ananı işdən çıxaracağıq və evinizə gedib ailə üzvlərinin alt paltarının içində axtarış aparacağıq”. Məni buraxmalarını tələb etdim. Gedəndən sonra siləcəyimi söylədim. Şərtlə danışmamdan hiddətlənən rəis məni söyməyə başladı”, – Rəhim Vəliyev ifadəsində belə deyir.

Rəhim Vəliyev ifadəsində “Facebook” statusunu silməyəcəyini, profilini dondurmayacağını deyəndən sonra rəisin onu vurmağa başladığını da yazıb:

“Məni tutan polis Rəşad Qasımovla məni bərk döyməyə başladılar. Əsasən başıma, sifətimin sol hissəsinə, belimin bükəcəyinə yumruq, şapalaq, təpiklə vurmağa başladılar. Məni döyüb yorulduqdan sonra söyə-söyə dedilər ki, “bunu aparın o biri otağa”. Məni başqa, həyətdən girəndə sağdakı otağa apardılar. Oraya başqa polis əməkdaşı gəldi. Məni tanıdığını dedi. “Statusunu buradaca silsən yaxşıdır”, – dedi. Silməyəcəyimi dedim. Sonra məni Rəşad Qasımovun otağına, oradan da Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına apardılar”.

 

Daha çox göstər
Back to top button