Beynəlxalq

Siyasi Məhbuslar üzrə İşçi Qrupu AŞPA-ya müraciət ünvanlayıb

“Siyasi məhbuslarla bağlı araşdırma üçün AŞPA yeni məruzəçi təyin etsin”

Azərbaycan Siyasi Məhbuslar üzrə İşçi Qrupu Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt, baş katib Turbyörn Yanqland, insan hüquqları üzrə komissar Nils Mujneksə müraciət ünvanlayıb. Müraciətdə Avropa Şurası Parlament Assambleyasının 23 yanvar 2013-cü ildə keçirilən sessiyasında Azərbaycanda siyasi məhbuslarla bağlı almaniyalı deputat Kristofer Ştrasserin hazırladığı hesabatın səs çoxluğu ilə qəbul edilməməsindən 4 il ötdüyü deyilir. Həmin 4 ildə ölkədə siyasi azadlıqlar və demokratik institutların müdafiəsi ilə bağlı vəziyyətin daha da pisləşdiyi vurğulanır:

“Ölkədə alternativ fikir və düşüncələrinə, müstəqil ictimai və siyasi fəaliyyətinə görə onlarla şəxs təzyiqlərə məruz qalıb, saxta ittihamlarla həbs edilib. Yerli hüquq müdafiəçilərinin araşdırmlarına görə, Azərbaycanda 120-dən artıq siyasi məhbus var”.

Müraciətdə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına da toxunulub. Siyası motivli həbslərlə bağlı qərarların icra edilmədiyi bildirilib. Misal kimi də REAL sədri İlqar Məmmədov barəsində Avropa Məhkəməsinin 2014-cü ildə qəbul etdiyi qərar göstərilir:

“Biz AŞPA-nın müxtəlif siyasi qruplar və ölkələri təmsil edən üzvlərinin Azərbaycanda siyasi repressiyalarla bağlı səmimi narahatlıqlarını təqdir edirik. Düşünürük ki, hazırda AŞPA-nın siyasi məhbuslarla bağlı daha geniş və ətraflı monitorinq aparmasına ehtiyac var. Təəssüflə bildiririk ki, AŞPA-nın Azərbaycanın 2014-cü ildə Avropa Şurasına sədrliyi dövründə insan hüquqlarının müdafiəsi ilə bağlı vəziyyətin qiymətləndirilməsi üçün təyin etdiyi məruzəçi Alain Destexhe öz mandatına uyğun çalışmayıb. Bu sahədə vəziyyəti öyrənmək üçün yerli vətəndaş cəmiyyəti təmsilçiləri və hüquq müdafiəçiləri ilə əməkdaşlıq etməyib. Azərbaycana yalnız bir dəfə – Bakıda Formula 1 Grand Prix yarışlarının açılışı zamanı gəlib və yalnız ölkə rəsmiləri ilə görüşüb”.

Müraciətdə Azərbaycan parlamentinin iki üzvünün 23 yanvar 2013-cü il sessiyası zamanı AŞPA-nın keçmiş vitse-prezidenti Luka Volonteyə rüşvət verməsi barədə iddiaların hazırda İtaliyada Milan prokurorluğunda araşdırıldığına diqqət çəkilir. Azərbaycanda siyasi məhbus probleminin yenidən AŞPA-nın monitorinqə cəlb edilməli olduğu deyilir. İşçi Qrupu bununla bağlı AŞPA-ya bəzi təkliflər də verib:

• Azərbaycanda siyasi məhbuslarla bağlı ətraflı və obyektiv araşdırmanın aparılması üçün AŞPA yeni məruzəçi təyin etsin və ona Azərbaycana gəlməsi üçün hüquqi imkanlar yaradılsın;

• Alain Destexhenin başqa şəxslə əvəzlənməsi təmin edilsin.

Daha çox göstər
Back to top button