AŞPA Bakını mətbuata təzyiqlərə son qoymağa çağırıb

Qurum mətbuat azadlığının vəziyyəti ilə bağlı qətnamə qəbul edib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvarın 24-də keçirilən sessiyasında ukraynalı deputat Vladimir Arevin mətbuat azadlığı sahəsində vəziyyət haqqında hazırladığı 2141 saylı qətnamə qəbul edilib.
“Turan” İA-nin məlumatına görə, məruzədə Avropa Şurasına üzv ölkələrdə mətbuat azadlığının vəziyyətinin pisləşdiyi qeyd edilib. Həmçinin 2015-ci ilin yanvarından etibarən 16 jurnalistin həlak olduğu vurğulanıb.
“Təqiblərə son qoyulsun!”
Qətnamədə Azərbaycanda mətbuat azadlığı sahəsində vəziyyətin pisləşdiyi, jurnalistlərin və bloqqerlərin təqibinin gücləndiyi qeyd olunur. Bununla əlaqədar AŞPA Azərbaycan hakimiyyətini Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun təqibinə son qoymağa və onun işçilərinin ölkə ərazisində azad fəaliyyət göstərməsinə imkan verməyə; bloqqer Mehman Hüseynovun təqibinə son qoymağa, onun şəxsiyyət vəsiqəsini qaytarmağa və onunla qeyri-insani rəftar faktlarını araşdırmağa; Meydan TV müstəqil internet resursuna qarşı cinayət işlərinə son qoymağa, onun əməkdaşlarına və bu kanalla əməkdaşlıq edən şəxslərə qarşı təzyiqlərə son qoymağa, habelə onların ölkədən çıxışına qoyulmuş bütün qadağaları ləğv etməyə; Azadlıq Radiosunun Azərbaycan xidmətinə qarşı bütün araşdırmalara son qoymağa və redaksiyanın Bakıda normal fəaliyyət göstərməsinə imkan verməyə çağırıb.