Beynəlxalq

Hərbiçinin atası Yevlax prokurorluğunu məhkəməyə verib

Yevlax rayon Polis şöbəsində fiziki zorakılığa məruz qalan hərbiçi Tahir Osmanlının atası Əli Osmanlı cinayət işi açmaqdan imtina ilə əlaqədar rayon prokurorluğunu məhkəməyə verib. Bu barədə Turan-a zərərçəkmişə hüquqi yardım göstərən “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin prezidenti, hüquq müdafiəçisi Elçin Məmməd məlumat verib.

Onun sözlərinə görə, əsgərə qonşusu böhtan atıb və ondan polisə şikayət edib. Hərbiçini hərbi hissədən birbaşa polisə aparıblar və orada amansızca döyüblər.

“Osmanlı ilə birlikdə kirayədə qalan digər hərbiçinin avqustda 1650 manat pulu itib. O, Osmanlını oğurluqda ittiham edib və polisə şikayət edib.

İki zabit – kapitan və mayor Osmanlını amansızca döyüb. Əsgər ağır xəsarətlər alıb, onun qabırğaları sındırılıb”, deyən hüquq müdafiəçisi hərbiçinin bədənində zorakılıq izlərini əks etdirən fotoşəkillər təqdim edib.

Zərərçəkmişin şikayətlərinə baxmayaraq, polislərə qarşı heç bir tədbir görülməyib. Onun valideynləri Yevlax rayon prokurorluğuna və DİN-ə şikayət edib, amma bu şikayətlər nəticəsiz qalıb.

Yevlax rayon prokurorunun müavini cinayət işi açmaqdan imtina edib, baxmayaraq ki, işdə məhkəmə-tibbi ekspertizasının hərbiçinin bədənində xəsarət izləri olduğunu və həmin izlərin əmələ gəlmə müddətinin hərbiçinin polis şöbəsinə aparıldığı tarixə uyğun gəldiyini sübut edən rəyi var.

Daha çox göstər
Back to top button