İctimaiyyət

Azərbaycanlı əsgər intihar edib, yoxsa öldürülüb?

“Adam özünü kürəyindən vurub intihar edə bilərmi?”

“Dünyada övladını çiynində daşıyan atadan faciəvi mənzərə yoxdur. Allah heç bir valideyinə övladını çiynində son mənzilə yola salmaq nəsib eləməsin…”, – intihar etdiyi deyilən əsgər Xanəli Fəttayevin ailəsinin Meydan TV-yə göndərdiyi məktubda belə deyilir.

Yanvarın 29-da sosial şəbəkələrdə Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Xanəli Fəttayevin qarşı tərəfdən açılan atəş nəticəsində həlak olması xəbəri yayıldı. Bir gün sonra Müdafiə Nazirliyi Xanəli Fəttayevin intihar etməsi ilə bağlı açıqlama yaydı. Bildirildi ki, əsgər qeyri-döyüş şəraitində, intihar nəticəsində həlak olub:

“İkin araşdırmalara görə, intihar xidməti fəaliyyətlə əlaqəli deyil. Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb, araşdırma aparılır”.

“Bir sıra vacib suallar açıq qalıb”

Əsgərin yaxınları isə ekspertizanın nəticələrinin çıxmadığı halda Xanəli Fəttayevin intihar etdiyi açıqlamasının verilməsini doğru hesab etmir.

“Müdafiə Nazirliyi dörd ayın əsgəri, beş bacının bir qardaşı, xəstə ata və ananın sonbeşiyi və gözünü dikdiyi ümidi Xanəli Fəttayevin intihar etdiyini bildirib. Yekun rəy ekspertizanın nəticələri və Hərbi Prokurorluğun istintaqından sonra açıqlanacaq. Bir sıra vacib suallar açıq qalıb. Bunlar nazirliyin rəyini ciddi şəkildə sübhə altına alır. Düzdür, biz heç kimin günahsız yerə cəzalandırılmasını istəmirik. Amma övladımızın qanının yerdə qalmamasını, əgər bu faciədə kiminsə günahı varsa, layiqincə cəzalandırılmasını tələb edirik”.

“Adam özünü kürəyindən vurub intihar edə bilərmi?”

Müdafiə Nazirliyi ailəyə bildirib ki, Xanəli Fəttayev tabeliyində olan avtomatla ürəyinə atəş açaraq intihar edib. Ailə isə deyir ki, belə olsaydı güllənin sinədən daxil olan yerində patronun diametri böyüklüyündə kiçik, kürək hissəsində, güllənin çıxdığı yerdə isə böyük yara olardı. Ancaq əksinədir: “Kürəkdə kiçik, sinədə isə güllənin çıxışına bənzər böyük yara var. Bu isə güllənin Xanəlinin kürəyindən dəydiyini deməyə əsas verir. Adam özünü kürəyindən vurub intihar edə bilərmi?”

Ailə bildirir ki, avtomat kimi uzun lüləli silahlarla intihar əksər vaxt çənənin altından atəş açmaqla olur. Bu, yeganə rahat üsuldur. Xanəli kimi, çox da uca boyu olmayan insanın avtomatla ürəyinə atəş açması kifayət qədər çətindir. İstənilən halda atəş aşağıdan yuxarıya doğru açılmalıdır:

“Amma kürəkdəki yara izi sinədəkindən aşağıdadır, üsətlik yaranın istiqaməti yuxarıdan aşağıya doğrudur. Əgər Xanəli sinədən vurulubsa belə, atəş yuxarıdan aşağıya doğru açılıb. Bunun da onun özü tərəfindən edilməsi həddindən artıq çətindir. Hətta mümkün deyil. Bundan əlavə o, intiharının səbəbinə dair bir sms, telefon zəngi, feysbuk statusu və ya məktub formasında bir izahat qoymayıb. Bir sözlə, Xanəlidən geriyə böyük müəmmadan başqa heç nə qalmayıb”.

Daha çox göstər
Back to top button