Xarici borc ciddi problemə çevrilməkdədir – Rövşən Ağayev

Sürətlə artan xarici borc çox ciddi problemə çevrilməkdədir, – deyə iqtisadçı Rövşən Ağayev hesab edir.
Turan-ın məlumatına görə, o, «Facebook» səhifəsində qeyd edib ki, 2015-2016-cı illərdə xarici dövlət borcu 25%-ə yaxın artıb, xarici borcun ÜDM-də payı 7.5%-dən 21%-dək yüksəlib.
«Borcalmanın şərtləri ağırlaşdığından artan borclar əsasən qısamüddətli – 10 ilə qədər olan borclardır. 2014-cü ilin sonlarında bütün xarici borcların cəmi 7%-i 10 ilədək idi, hazırrda isə borcların 50%-i 10 ilədək olan borclardır», deyə o bildirib.
R.Ağayev qeyd edib ki, ən son statistikaya görə, 2025-ci ilədək qaytarılmalı xarici borclarımız 4 mlrd dolları ötür.
Onun fikrincə, hökumətin sürətli borclanma ehtuyacı nəzərə alınsa, yaxın zamanlarda bu məbləğin daha da artacağını proqnozlaşdırmaq olar.