Hökumətin AXCP dərdi

Anti-böhran tədbirləri “cəbhəçi ovu”ndan ibarətdir
2017-ci ilə qədəm qoysaq da, hökumət orta əsrlərdən ayrıla bilmir. Bu ilə “İslam Həmrəyliyi ili” adını versələr də, cəhalətlə həmrəyliklərini davam etdirirlər. Hökumətin cılız addımları bir-birini əvəz edir. Ölkə ağır böhranla üz-üzə qalsa da, YAP hakimiyyətinin yeganə dərdi müxalifətdir. Şər-böhtandan, saxtakatlıqdan əl çəkmirlər. AXCP- nin 9 funksionerinin şərlənərək həbs edilməsi, partiyanın qərargahının partladılması, partiya sədrinin qayınının girov saxlanılması, partiya üzvlərinin mütəmadi olaraq inzibati həbslə cəzalandırılması hökumətin hirsini soyutmayıb. AXCP-nin bütün çətinliklərə rəğmən mübarizəni davam etdirməsi, cəmiyyətə həqiqət daşıması, sürətlə böyüməsi “analoqsuz”larda qaşınma yaradıb. İndi də rayon şöbələrinin müşavirələrini hədəf seçiblər. Ölkənin ən böyük partiyasının ən kiçik toplantılarını da həzm etmirlər. Son olaraq AXCP Mingəçevir şöbəsinin keçirdiyi müşavirəyə “diqqət” ayırıblar. Şöbə fəallarını polis idarəsinə dəvət edirlər, hədələyirlər və AXCP -dən çəkindirməyə çalışırlar. Adamları üzv olduqları partiyanın müşavirəsində iştiraka görə təzyiq altında saxlamaq, analoqsuz həyasızlıqdır. YAP-dan fərqli olaraq AXCP-yə istəyərək üzv olurlar və partiyanın fəaliyyətində heç bir qeyri-qanuni hal yoxdur. Saxtakarlıqların, talançılıqların, qanunsuzluqların qarşısını almaq əvəizinə, rayon şöbələrinin iclaslarının qarşısını almaq istəyirlər.
Bəli, hökumətin yeganə “anti-böhran tədbiri” narazı insanları nəzarətdə saxlamaqdan, xalqın maraqlarından çıxış edənləri zərərsizləşdirməkdən ibarətdir. Bütün parametrlər üzrə Azərbaycanın adının “qara siyahı”lara düşməsi hakimiyyəti qətiyyən narahat etmir. Hakimiyyətin imici gündən-günə pisləşsə də, islah olmaq, normal idarəçilik sisteminə keçmək haqqında düşünmürlər. Bütün bunlar onu göstərir ki, mövcud rejimlə yalnız uçurma getmək olar. Bir müxalifət partiyasının varlığını həzm edə bilməyən hökumət, heç bir müsbət addıma imza ata bilməz.
Heç kimə sirr deyil ki, bölgələrdə sosial vəziyyət daha ağırdır və insanların narazılığı daha qabarıq görünür. Bölgə cəbhəçilərinin təzyiq altında saxlanması da, hökumətin bu qorxusundan doğur. Amma başa düşmürlər ki, narazılar təkcə cəbhəçilərdən ibarət deyil və Azərbaycan xalqı düşüncə etibarilə müxalifətdədir.Belə primitiv addımlarla müsbət nəticə əldə etmək olmaz və bu rüsvayçılıqlara son qoyulmalıdır.
Son günlər AXCP-nin bölgələrdəki üzvlərinə göstərilən təzyiqlər, xüsusən Mingəçevir cəbhəçilərinin hədəf seçilməsi hakimiyyətin avtoritarlığının nümunəsidir və hakimiyyətin bu hərəkətləri beynəlxalq təşkilatların diqqətinə çatdırılmalıdır. bir daha bəyan edilməlidir ki, hakimiyyət heç bir öhdəliyə əməl etmir və dünyadan təcrid siyasəti yürüdür.
Akif