Siyasət

”Bakı qərarlara və çağırışlara məhəl qoymur”

İşçi Qrup İlqar Məmmədovla bağlı bəyanat yaydı

Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupu ReAL təşkilatının sədri İlqar Məmmədovun həbsindən 4 il ötməsilə bağlı bəyanat yaylb.

İşçi Qrupu İ.Məmmədovun 2013-cü ilin fevralın 4-də həbsini xatırladaraq bildirib ki, ona qarşı irəli sürülən ittihamlarda əsaslı şübhələr olmadığı halda dərhal həbsi, həm istintaqın, həm də məhkəmə proseslərinin kobud qanun pozuntuları bu hadisənin siyasi motivli və əsassız olduğu qənaətini yaradır:

“Məhz bu səbəbdən, Amnesty International təşkilatı çox qısa zamanda İlqar Məmmədovu “vicdan məhbusu” kimi tanıyıb, həm yerli, həm də nüfuzlu beynəlxalq təşkilatlar və bir çox hökumətlər bu həbsin aşkar siyasi motivli olması əsası ilə onun azadlığa buraxılmasını israrla Azərbaycan hökuməti qarşısında qaldırıblar. İlqar Məmmədovun cinayət təqibinin siyasi motivli olması həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin onun şikayəti üzrə qəbul etdiyi 22 may 2014-cü il qərarında da əksini tapıb. Həmin qərarda Məhkəmə İ.Məmmədovun İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında Konvensiyanın 5-ci maddəsinin (azadlıq hüququ) və həmin maddə ilə birgə götürülməklə 18-ci maddəsinin (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusunu tanımaqla həbsin qanunsuzluğunu və siyasi məqsədlərlə həyata keçirildiyini müəyyən edib”.

Bəyanatda Avropa Məhkəməsinin qərarlarının icrası üzv dövlətlər üçün məcburi olsa da, bu qərarın 3 ilə yaxındır icra edilməməsi vurğulanır:

Avropa Şurası Nazirlər Komitəsinin və Avropa Şurasının Baş Katibinin, və prezidentinin, digər səlahiyyətlilərinin qərarın icrası ilə bağlı qərarlarına və çağırışlarına isə məhəl qoyulmur. Avropa Məhkəməsinin qərarına baxmayaraq ReAL sədrinin hələ də azadlığa buraxılmaması Azərbaycan hakimiyyətinin Avropa Şurası qarşısında öhdəliklərinin icrasından ultimativ şəkildə imtina etməsi anlamına gəlir. Avropa Şurasına üzvlükdən dividentlərdən (beynəlxalq maliyyə instituları ilə əməkdaşlıq üçün təminatlar və s.) faydalanan ölkənin öz öhdəliklərinin icrasından boyun qaçırması təkcə beynəlxalq məhkəmənin nüfuzunu sual altına qoymur, bu, həm də Avropa Şurasının hüquq və azadlıqların müdafiəsi sisteminə ciddi təhdiddir”.

“Biz Azərbaycan hakimiyyətini üzərinə könüllü olaraq götürdüyü öhdəliklərə riayət edərək Avropa Məhkəməsinin İlqar Məmmədov barədə qərarını icra etməyə səsləyir, beynəlxalq ictimaiyyəti, xüsusən də Avropa Şurasını səyləri artırmağa və bu istiqamətdə ciddi addımlar atmağa çağırırıq”,-deyə bəyanat bu fikirlərlə yekunlaşır.

Daha çox göstər
Back to top button