Təhlil

Aytən Fərhadova: “Sanki Azərbaycanın ən təhlükəli adamları biz jurnalistlərik”

”Baxışlar, bu münasibət – hamısı elə pis təsir edir ki…”

“Adama əskiklik kimi gəlir. Düşünürsən ki, görən mən nə cinayət işləmişəm ki, ölkədən çıxa bilmirəm. Xaricdə maraqlı treninqlər, tədbirlər olur, yazıb, dəvət edirlər. Utana-utana deyirsən ki, gələ bilmirəm, buraxmırlar” – deyir, müstəqil jurnalist Aytən Fərhadova.

Aytən Fərhadovanın bir ildən artıqdır ki, ölkədən çıxış məhdudiyyəti var. Deyir, adicə yolu keçəndə də qayda pozmamağa çalışır, ancaq ən ağır cinayət törətmiş insan yerinə qoyulur. Elə ağır olanı da budur:

“Mən niyə gedə bilmirəm? Cinayət işləmişəm? Təhlükəli adamam? Niyə? Heç bir günahın yoxdur, amma “stop”lanmısan. Səbəbini də demirlər ki, bilək günahımız nədir. Qanunu nə qədər sevsəm və əməl etsəm də, “stop”luyam. Sərhəd keçid məntəqələrində səni seçirlər, kənarda gözlədib, xüsusi yoxlayırlar. Baxışlar, bu münasibət – hamısı elə pis təsir edir ki… Sanki ölkənin ən təhlükəli adamları biz jurnalistlərik, münasibət elədir”.

Mətbuata olan basqılar

Media Hüququ İnstitutu, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu qapadılıb, Azadlıq Radiosunun Bakı bürosunun ofisi möhürlənib, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər İdarəsində Meydan TV-nin “vəzifəli şəxsləri”nə qarşı CM-in 192.2.2. (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri üzrə cinayət işi aparılır. Müstəqil jurnalistlərdən Natiq Cavadlı, Aynur Elgünəş, Sevinc Vaqifqızı, Şirin Abbasov, Elnur Muxtar, Aytən Fərhadova, İzolda Ağayeva, Aytac Əhmədova, Xədicə İsmayıl və başqalarının ölkədən çıxışına məhdudiyyət qoyulub.

“Yerli məhkəmələr şikayətlərimizi təmin etməyib”

Elçin Sadıqov ölkədən çıxış məhdudiyyəti olan jurnalistlərdən bəzilərinin vəkilidir. Deyir, əksər qadağalar Meydan TV-nin vəzifəli şəxsləri barəsində başlanmış cinayət işinə görə qoyulub:

“Yerli məhkəmələr şikayətlərimizi təmin etməyib. Artıq bir neçə işlə bağlı Avropa Məhkəməsinə müraciət etmişik. Eyni zamanda bəzi işlərə hələlik inzibati-iqtisadi məhkəmələrdə baxılır. Xeyli jurnalist də var ki, onların işi ilə bağlı yenicə məhkəməyə müraciət etmişik”.

“Jurnalistlərə məhdudiyyətin qoyulması bütün hallarda qanunsuzdur”

Elçin Sadıqov deyir ki, Cinayət Məcəlləsinə görə, ancaq şübhəli və təqsirləndirilən şəxslərin ölkədən getməməsi ilə bağlı qətimkan tədbiri seçilə bilər. Qanunvericilikdə şahidin ölkədən çıxışına qadağa qoyulması barədə heç nə yoxdur:

“Şahidin üzərinə yalnız yaşayış yerini dəyişdikdə istintaq aparan orqana məlumat vermək vəzifəsi qoyula bilər. Bu, bütün hallarda onun ölkədən çıxışına məhdudiyyət kimi nəzərə alına bilməz. Maksimum vətəndaşdan ölkədən çıxanda məlumat verilməsi istənə bilər. Hazırkı vəziyyətdə jurnalistlərə məhdudiyyətin qoyulması bütün hallarda qanunsuzdur”.

“İstintaq məhdudiyyəti həmin şəxslərin gələcəkdə məsuliyyətə cəlb oluna biləcəyi ilə əsaslandırır”

Elçin Sadıqov jurnalistlərə qoyulan məhdudiyyətin onların şahid qismində nə zamansa istintaqa çağıra biləcəkləri ilə əlaqələndirir. Bunun qanunla yolverilməz olduğunu deyir: “Nə dindirilmədən öncə, nə də sonra şahidə ölkədən çıxış məhdudiyyəti qoyula bilməz. İstintaq orqanı qoyduğu məhdudiyyəti onunla əsaslandırır ki, gələcəkdə həmin şəxslər məsuliyyətə cəlb oluna bilər. Məsuliyyətə cəlb olunmasını təmin etmək üçün ediblər. Ancaq bu da qanunsuz üsuldur”.

“Giriş-Çıxış”, “Qadağandır”!

Dövlət qurumları ilk vaxtlar jurnalistlərin ölkədən çıxışına qadağa qoyulmasını boyunlarına almırdılar. Göndərilən sorğulara cavab gəlmirdi. Son bir neçə ayda qoyulan qadağalar dövlət tərəfindən inkar edilmir. Məsələn, jurnalistlərdən birinin sorğusuna Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun yazdığı cavabda deyilir ki, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ibtidai istintaqı aparılan 152006048 №-li cinayət işi üzrə yaranmış istintaq zərurəti ilə əlaqədar sizə “Qadağandır” statusu ilə “Giriş-Çıxış”, “Sərhədkeçməyə məhdudiyyət” altsisteminə fəallaşdırılaraq daxil edilib.

Hansı hallarda vətəndaşın ölkədən getmək hüququ məhdudlaşdırıla bilər?

Hüquqşünas Müzəffər Baxışov daha öncə Meydan TV-yə verdiyi açıqlamada bu məsələlərin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə tənzimləndiyini deyib. Yalnız Miqrasiya Məcəlləsinin 9.3-cü maddəsinin tələblərinə görə, bəzi istisna hallarda vətəndaşın ölkəni tərk etmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər:

“Məcəllənin 9.3-cü maddəsinə görə, vətəndaşın ölkədən getmək hüququ yalnız barəsində hər hansı qətimkan tədbiri olarsa, məhkum edildikdə, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə, şərti məhkum edildikdə, hərbi xidmətə çağırıldıqda, məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra etmədiyi halda, profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı, dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək ölkədən getməsinə müvəqqəti məhdudiyyət qoyula bilər”.

“Azərbaycan hüquqa söykənən dövlət deyil”

Hüquqşünas jurnalistlərə qoyulan qadağa ilə bağlı deyir ki, əksəriyyəti qanunsuzdur. İstintaqa şahid qismində cəlb edilən birinə qadağa qoyula bilməz:

“Həmin jurnalistlərin içində, ümumiyyətlə, istintaqa cəlb edilməyənlər də var. Onlarla bağlı Miqrasiya Məcəlləsində göstərilən məhdudiyyət hallarının heç biri yoxdur. Ona görə də, məlumat-axtarış sistemlərinə daxil edilən bu qadağalar qanunsuzdur. Bütün bunlar Azərbaycanın hüquqa söykənən dövlət olmadığını bir daha təsdiqləyir. Nəticədə, hüquq-mühafizə orqanları istədikləri kimi qanunsuz hərəkətlərə yol verirlər”.

Meydan TV İnternet-resursa qarşı cinayət işi başlanıb və bu iş üzrə 15 jurnalistin adı keçir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyir ki, jurnalistlər prokurorluğun qərarından məhkəməyə müraciət edib. Ona görə də, artıq məhkəmənin qərarını gözləməlidirlər:

“Bunun qanuni olub-olmamasını məhkəmə müəyyən edəcək. Birinci instansiya onların şikayətini təmin etməyibsə, demək qanunidir. Məhkəmələr bitsin, iş təkcə prokurorluğa qalsa, yenidən zəng edərsiniz”.

AŞPA jurnalistlərin ölkədən çıxış qadağasının ləğvini istəyir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvarın 24-də keçirilən sessiyasında ukraynalı deputat Vladimir Arevin mətbuat azadlığı sahəsində vəziyyət haqqında hazırladığı 2141 saylı qətnamə qəbul edilib. Sessiyada Avropa Şurasına üzv ölkələrdə mətbuat azadlığının durumunun pisləşdiyi deyilib. 2015-ci ilin yanvarından etibarən 16 jurnalistin həlak olduğu vurğulanıb.

Azərbaycanla bağlı durum da müzakirə edilib. Mətbuat azadlığı sahəsində vəziyyətin pisləşdiyi, jurnalistlərin və bloqqerlərin təqibinin gücləndiyi deyilib. AŞPA Azərbaycan hakimiyyətini Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun təqibinə son qoymağa və onun işçilərinin ölkə ərazisində azad fəaliyyət göstərməsinə imkan verməyə;

bloqqer Mehman Hüseynovun təqibinə son qoymağa, onun şəxsiyyət vəsiqəsini qaytarmağa və onunla qeyri-insani rəftar faktlarını araşdırmağa;

Meydan TV müstəqil internet resursuna qarşı cinayət işlərinə son qoymağa, onun əməkdaşlarına və bu kanalla əməkdaşlıq edən şəxslərə qarşı təzyiqlərə son qoymağa, habelə onların ölkədən çıxışına qoyulmuş bütün qadağaları ləğv etməyə;

Azadlıq Radiosunun Azərbaycan xidmətinə qarşı bütün araşdırmalara son qoymağa və redaksiyanın Bakıda normal fəaliyyət göstərməsinə imkan verməyə çağırıb.

 

Daha çox göstər
Back to top button