Beynəlxalq

HRW: Brüssel siyasi məhbusların azad olunmasını İlham Əliyevdən tələb etməlidir

Prezident İlham Əliyevin ədalətsiz olaraq həbs edilmiş fəalları, jurnalistləri və digər  tənqidçiləri azad etməsi üçün Avropa İttifaqı ona təzyiq göstərməlidir. Bu barədə Human Rights Watch təşkilatının Azərbaycan başçısının Brüsselə səfərilə bağlı bəyanatında deyilir.

Həmçinin Aİ İ.Əliyevi müstəqil qrupların təqib olunmasına son qoymağa və dövlətin müdaxiləsi olmadan onlara işləmək üçün şərait yaratmağa çağırmalıdır.

İ.Əliyev Azərbaycanla Aİ arasında tərəfdaşlıq haqqında yeni sazişlə bağlı danışıqlara görə fevralın 6-da Brüsseldə olacaq. Onun Avropa komissiyasının prezidenti Jan-Klod Yunker, Avropa Şurasının prezidenti Donald Tusk və digər vəzifəli şəxslərlə görüşləri gözlənilir.

“Azərbaycan və Aİ yeni əməkdaşlıq erası formalaşdırdığından lazımdır ki, Aİ real olaraq insan hüquqlarını müdafiə etsin, Əliyevin özgəfikirlilərə qarşı repressiyalarına göz yummasın”, – HRW direktoru Lotte Layht deyib.

Aİ Azərbaycanda hüquqlar sahəsində təcili islahatlar aparılmasının təmin olunması üçün Əliyevlə görüşdən istifadə etməlidir.

Son illər Azərbaycan hakimiyyəti tənqidi jurnalistikanı, müxalifətin fəallığını məhdudlaşdırır, bir çox fəalları, tanınmış hüquq müdafiəçilərini və jurnalistləri təqib edir. Məhdudlaşdırıcı və normativ aktlar müstəqil qrupların fəaliyyətinə və maliyyələşdirilməsinə əngəl törədir.

2016 və 2017-ci illərdə ölkədə fəallara və blogerlərə qarşı narkotik maddə ilə bağlı saxta ittihamların irəli sürülməsi davam edir.

2013-2015-ci illərdə məhkəmələr tərəfindən siyasi motivlərlə məhkum edilən onlarla fəal hələ də həbsdədir. Onların arasında REAL Hərəkatının lideri İlqar Məmmədov da var.

2014-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi qərara alıb ki, İ.Məmmədovun həbsi əsassısdır və o, azadlığa buraxılmalıdır. Ancaq Bakı bu qərarı yerinə yetirməyib.

Gənc fəallara ölkədən çıxmaq qadağan edilib, onların bank hesablarına həbs qoyulub.

QHT-lərin çoxu xarici maliyyələşməyə qadağa qoyulduğuna görə öz işini dayandırıb.

“Azərbaycanla istənilən danışıqlar insan hüquqları sahəsində vəziyyətin yaxşılaşmasını, hüquq müdafiəçilərinin, müxalifətçilərin və jurnalistlərin dərhal və şərtsiz azadlığa buraxılmasını əhatə etməlidir”, – Layht bildirib.

“Vəziyyət yaxşılaşmadan Bakı ilə əməkdaşlığın dərinləşməsi o deməkdir ki, Aİ Azərbaycanda ədalətsiz olaraq məhkum edilənlərin dəstəklənməsindən imtina edir”, – HRW rəhbəri deyib

Daha çox göstər
Back to top button