Vətəndaş cəmiyyətinin fəalları İlham Əliyevin Brüsselə edilən səfərində Azərbaycanda insan hüquqularının pozulması məsələlərini qaldırmaq niyyətindədir

Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə rəsmi səfərdədir. Avropa komissiyasının prezidenti Jan-Klod Yunker və digər vəzifəli şəxslərlə görüşləri gözlənilir. Lakin prezidentin səfərinə yalnız Avropa komissiyasında deyil, Azərbaycan və Avropadakı vətəndaş cəmiyyətinin fəalları da hazırlaşıb. Bu haqda “haqqin.az” məlumat verib. Tədbirlə bağlı Turan xəbər agentliyinin verdiyi məlumatda deyilir ki, Avropa parlamentinin üzvləri Azərbaycanda insan hüquqlarının pozulması, fəalların və jurnalistlərin təqib edilməsi məsələlərini qaldırmaq niyyətindədir.
Həmçinin Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətinə əngəl törədən qanunverici məhdudiyyətlər müzakirə olunacaq. İştirakçılar bu məsələləri İ.Əliyevlə görüşəcək Avropa İttifaqi rəhbərliyi qarşısında qaldırmaq niyyətindədir. Müzakirələrdə məruzəçilər arasında “Meydan” TV İnternet kanalının rəhbəri Emin Milli və araşdırmaçı jurnalist Xədicə İsmayılova da olacaq (skayp vasitəsilə). Avropa parlamentinin dörd üzvü – Kati Piri (Hollandiya), Aleksandr Lambsdorf (Almaniya), Ulrike Lunarçik (Avstriya) və Yaromir Stertina (Çexiya) məruzə ilə çıxış edəcəklər.
Bu barədə Human Rights Watch təşkilatının Azərbaycan başçısının Brüsselə səfərilə bağlı bəyanatında deyilir. Prezident İlham Əliyevin ədalətsiz olaraq həbs edilmiş fəalları, jurnalistləri və digər tənqidçiləri azad etməsi üçün Avropa İttifaqı ona təzyiq göstərməlidir.