İctimaiyyət

AXCP və Müsavat Partiyasının Şəki şöbələri qərargahdan çıxarıldı

Əmlak Komitəsi: “Partiyaların yerli şöbə rəhbərlərinə məlumat verilib ki, bina özəlləşdirilib, boşaldılmalıdır”

Fevralın 9-da səhər saatlarında Şəki Rayon İcra Hakimiyyətinin rəsmiləri, Əmlak Komitəsinin nümayəndələri və polis əməkdaşları Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının qərargahlarına gələrək binanın boşaldılmasını tələb ediblər.  Bu barədə əvvəlcədən heç bir xəbərdarlıq edilməyib və bina boşaldılıb.

Məlumatı Meydan TV-yə Müsavat Partiyasının başqanı Arif Hacılı verib.

Arif Hacılı bildirib ki, AXCP və Müsavat Partiyasının Şəki şöbələri eyni binada, müxtəlif otaqlarda yerləşiblər:

“Bundan bir müddət əvvəl qərargahın auksiona çıxarılaraq şəxsi mülkiyyət üçün hansısa yerli sakinə satıldığı barədə məlumat verilmişdi. Amma təşkilatlar qərargahdan çıxarılmırdı. Son günlər Şəkidə repressiya dalğası güclənib. Belə ki, AXCP-nin yerli təşkilatının sədri və gənclər şöbəsinin rəhbəri həbs edilib. Bu gün isə partiyaların yerli təşkilatlarının qərargahdan çıxmaları tələb olunub. Həbslərlə bərabər bu addımın atılması icra hakimiyyətinin hərəkətinin siyasi motivli olduğunu deməyə əsas verir”.

Yerli təşkilatların məhkəməyə müraciət etməsinə gəlincə, partiya başqanı deyir ki, Müsavat bununla bağlı bəyanat yayacaq və icra hakimiyyətinin hərəkətinin hüquqi qiymət almasına çalışacaq.

Hazırda Şəkidə olan müsavatçı Elman Fəttah Meydan TV-yə deyib ki, hadisə gözlənilmədən baş verib və həmin vaxt cəbhəçilər qərargahda olublar.

E.Fəttah bildirib ki, Müsavat Partiyasının yerli təşkilatı rayon icra hakimiyyətini məhkəməyə verir:

“Son həbslər də hadisədən sıradan olmadığını deməyə əsas verir, bu, bir repressiyadır və prosesə icra başçısının müavini rəhbərlik edir. Bu gün polisin və Əmlak Komitəsinin işçilərilə gəlib qərargahı boşaldıblar”.

Şəki şəhər İcra Hakimiyyətinə məxsus telefonlara cavab verən yoxdur.

Əmlak Məsələləri Dövlət Komitəsinin Şəkidə yerləşən 17 saylı  Ərazi Şöbəsindən Meydan TV-yə bildirildi ki, qərargahların yerləşdiyi bina əvvəllər Tikinti İdarəsi olub. Sonralar səhmdar cəmiyyətə çevrilib və özəlləşdirilib:

“Bir neçə dəfə həm Müsavat Partiyasının, həm də AXCP-nin yerli şöbəsinin rəhbərləri şobəyə dəvət olunublar və onlara məlumat verilib ki, bina özəlləşdirilib, boşaldılmalıdır. Bu gün baş verən məsələ ilə bağlı isə daha ətraflı rəhbərlik cavab verə bilər. Ərazi Şöbəsinə bir neçə rayon daxil olduğundan müdir indi digər rayonlardadır, şöbədə deyil”.

Daha çox göstər
Back to top button