Ekonomika

İqtisadçılar manatın möhkəmlənməsinin spekulyativ xarakter daşıdığını bildirir

Ekspertlər manatın dollara qarşı möhkəmlənməsinin spekulyativ xarakter daşıdığını bildirir.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu hesab edir ki, bu bahalaşma müvəqqəti xarakter daşıyır.

Onun sözlərinə görə, onu şərtləndirən başlıca amil manatla pul kütləsinin mərkəzləşdirilmiş qaydada ixtisarıdır.

«Beləliklə, idxal əməliyyatlarının genişlənməsini buxovlayan monetar siyasətlə bütövlükdə işgüzar fəallıq aşağı salınıb, alıcılıq qabliyyətini azalıb, nəticədə iqtisadiyyat bir az da kiçilib», deyə İbadoğlu qeyd edib.

“İqtisadi Təşəbbüslərə Yardım” İB İdarə Heyətinin üzvü Samir Əliyev də hesab edir ki, banklar aktiv spekulyasiyaya girişiblər. O, qeyd edib ki, bəzi banklarda alış və satş qiyməti arasında fərq 15%-ə çatır.

«Cəmiyyət süni surətdə yaradılmış panika makroiqtisadi sabitlik üçün heç də yaxşı gələcək vəd etmir. Banklar ölkə iqtisadiyyatını kreditləşdirməli olduqları halda aktiv valyuta alqı-satqısına girişiblər və bu fəaliyyət ilə gündə ən azı 600-900 min dollar qazanırlar», deyə o bildirib.

S.Əliyev hesab edir ki, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası isə prosesə müdaxilə etmək əvəzinə müşahidə mövqeyi tutublar.

«Bunun zərbəsi isə əhaliyə və sahibkarlara dəyir. Sonda isə iqtisadiyyat itirir”, deyə S.Əliyev bəyan edib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov hesab edir ki, xarici valyutaların alış və satış kursları arasında marja müəyyənləşdirilməsi məqsədəuyğun olardı. Valyutanın alış və satış kursları arasında 4 faizlik marja müəyyənləşdirilə bilər.

«Əslində, uzun müddət bankların dollar satışından əldə etdiyi fərq 4 faizdən də az idi. Buna görə də belə marjanın müəyyənləşdirilməsi “qara bazar”ı stimullaşdırmayacaq”, deyə V.Bayramov hesab edir.

Qeyd edək ki, manat fevralda dollara nisbətən 19 qəpik və ya 9,9% möhkəmlənib. Belə ki, fevralın 2-də manatın rəsmi məzənnəsi 1 dollara görə 1,92 manat, 9 fevralda 1,7301 manat olub.

Daha çox göstər
Back to top button