Ekonomika

Müflis olmuş bankların bir sıra rəhbərləri ilə bağlı işlər Baş Prokurorluğa göndərilib

Əmanətlərin Sığortalanması Fondu müflis bankların ləğvedici olaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı  Mübarizə Baş İdarəsinə müraciət edib, deyə Fondun məlumatında bildirilir. Turan-ın məlumatına görə, səbəb budur ki, ləğvetmə prosesində olan bir sıra banklar lisenziyaları ləğv edilənə qədər fəaliyyət göstərən zaman rəhbər vəzifələrdə işləmiş bəzi şəxslər vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərini aşma, mənimsəmə, dələduzluq ediblər.

Fondun məlumatına görə, bir sıra hallarda banklarda rəhbər vəzifələrdə işləmiş bəzi şəxslər bankın əmlaklarını sataraq əldə olunmuş vəsaiti kredit borcunun bağlanılmasına yönəltməyib və ya satışdan əldə olunmuş vəsaitin çox cüzi hissəsini yönəldib. Bundan başqa, banka gəlib kredit almayan şəxslərin adlarına çoxlu sayda saxta imza ilə kredit rəsmiləşdirib, bir çox işdə zamin duraraq banklardan müəyyən miqdarda vəsait çıxarıb və bununla da banklara külli miqdarda zərər vurublar.

Qeyd edək ki, Fond öz məlumatında konkret bank və ya şəxslərin adını çəkmir.

Xatırladaq ki,  «Royal Bank»,  «Bank of Azerbaijan»,  «Texnikabank», «Zaminbank», «Parabank», «Dekabank», «Kredobank», «Atrabank», «Qafqaz İnkişaf Bankı», «Bank Standard» ləğvetmə mərhələsindədir.

Daha çox göstər
Back to top button