Beynəlxalq

Rasim Əliyevin işi Avropa Məhkəməsinə göndərilib

Zərərçəkən tərəf Avropa İnsan Hüquqları Konvensiyasının 3 maddəsi üzrə pozuntunun tanınmasını xahiş edir

Mərhum jurnalist Rasim Əliyevin işi Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Bu barədə Meydan TV-yə vəkil Fariz Namazlı məlumat verib.

Rasim Əliyev 2015-ci ilin avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və 9-na keçən gecə xəstəxanada dünyasını dəyişib. Jurnalistin ölümü ilə əlaqədar 6 nəfər həbs olunub. Onlardan beşi – Elşən İsmayılov, Arif Əliyev, Camal Məmmədov, Kənan Mədətov və Samir Mustafayev CM-nin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsilə təqsirli bilinərək, 9 ildən 13 ilə qədər azadlıqdan məhrum edilib.

“Qəbələ” futbol klubunun keçmiş kapitanı Cavid Hüseynovun işi isə istintaqın sonunda ayrılıb və o, Səbail rayon Məhkəməsinin hökmü ilə CM-nin 307-ci (cinayəti bilib xəbər verməmə) maddəsi ilə 4 il azadlıqdan məhrum edilib.

Bakı Apelyasiya Məhkəməsi 12 oktyabr 2016-cı il tarixli hökmü ilə  C.Hüseynovun həbsdə qaldığı 1 il 2 ay müddəti hesablayaraq, futbolçunu cəzanın çəkilməmiş hissəsindən azad edib.

İstintaq aparıldığı müddətdə dəfələrlə Rasim Əliyevin həkim səhlənkarlığından, vaxtında əməliyyat edilməməsi nəticəsində vəfat etməsinə görə Klinik Tibbi Mərkəzin həkimlərinin və eyni zamanda cinayətin təşkilatçısı kimi Cavid Hüseynovun da cinayət məsuliyyətinə cəlb edilməsinə dair vəsatətlər verilsə də, Bakı şəhər Prokurorluğu vəsatətləri heç bir səbəb göstərmədən rədd edib.

Bakı şəhər Prokurorluğunun 25 noyabr 2015-ci il tarixli “sübutların qiymətləndirilməsinə dair” qərarı ilə Cavid Hüseynovun Rasim Əliyevin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurulması xüsusatında hər hansı formada iştirakı müəyyən edilmədiyindən həmin hissədə barəsində cinayət təqibinə xitam verilməsi və Kliniki Tibbi Mərkəzdə mərhum Rasim Əliyevin müayinə və müalicəsi ilə məşğul olmuş, həmçinin cərrahiyə əməliyyatını icra etmiş həkimlərin və digər tibb işçilərinin əməllərində hər hansı cinayət tərkibi əlamətlərinin olmaması səbəbindən onların barəsində cinayət təqibinə xitam verilməsi müəyyən edilib.

Zərərçəkmiş şəxs bu qərarı məhkəmə müstəvisində mübahisələndirsə də, Səbail rayon və Bakı Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib. Nəticədə R.Əliyevin ailəsi Avropa Məhkəməsinə üz tutub. Avropa Məhkəməsinə göndərilən şikayətdə onlar Avropa İnsan Hüquqları Konvensiyasının 2 (yaşamaq hüququ), 10 (ifadə azadlığı hüququ) və 13-cü (səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələrinin pozuntusunun tanınmasını xahiş edirlər.

Daha çox göstər
Back to top button