Manat dəyər qazanır, ərzaq niyə ucuzlaşmır?

Ötən illə müqayisədə ərzaq məhsulları 14,5 faiz bahalaşıb
2017-ci ilin yanvarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin eyni dövrünə nisbətən 11.9 faiz bahalaşıb.
Ərzaq məhsullarının qiymətləri 14.5 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12.3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 8 faiz artıb.
Məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb.
Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin qiyməti yüksəlib. Kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın da qiyməti artıb.
Habelə, kərə, bitki yağlarının, şəkər, şəkər tozunun, qəhvə, çay və kakaonun da qiymətinin artdığı bildirilir. Bundan başqa, almanın, armudun, heyvanın, narın, portağalın, naringinin, bananın, kələmin, göyərtinin, pomidorun, xiyarın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun qiymətlərində də bahalaşma müşahidə olunub.
2017-ci ilin yanvarında 2016-cı ilin dekabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların qiymətində də artım baş verib.
Son 2 ildə baş verən ərzaq bahalaşmasının səbəbi manatın devalvasiyası idi. Ancaq son 2 həftədir ki, manat dollar qarşısında dəyər qazanır. Bəs ərzaq məhsullarının qiyməti niyə ucuzlaşmır?
Manatın möhkəmlənməsinin ərzağın qiymətinə təsiri varmı?
İqtisadçı Qubad İbadoğlu da deyir ki, qiymət artımı ilə manatın devalvasiyası arasında birbaşa əlaqə olduğundan manatın möhkəmlənməsi qiymətlərin ucuzlaşmasına gətirib çıxarmalı idi. Amma bu baş vermədi: “Manatın devalvasiyasına görə Azərbaycana idxal olunan Aİ-95 Premium və Aİ 98 Super markalı benzinin qiyməti fevralın 1-dən bahalaşdı. Ölkəmizdə satılan təbii qazın müəyyən hissəsinin hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq əməliyyat şirkətlərindən ABŞ dolları ilə alınması və digər səbəblərə görə təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri isə yanvarın 1-dən bahalaşdırılıb. Göründüyü kimi, hər iki qiymət artımına dair qərarlar manatın devalvasiya ilə əlaqələndirilib. Bu məntiqlə də hazırda manatın dollara nəzərən möhkəmlənməsi həm ixdal benzinin və həm də təbii qazın qiymətini ucuzlaşması üçün əsaslar yaradır”.
İqtisadçı bildirir ki, hər iki qiymətin bahalaşması bu fəaliyyətlə məşğul olan şirkətlərin bazarda hökmran mövqeyi və inhisarçılıq fəaliyyəti ilə əlaqədardır.