Siyasət

Hakim dindarların işgəncə ilə bağlı şikayətlərini prokurorluğa göndərəcək

Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi – 2” prosesində təqsirləndirilən şəxslərin ifadələri davam edib. İşin fiqurantları “Müsəlman Birliyi” hərəkatının sədr müavini Elçin Qasımov və daha 11  dindardır.

Xatırladaq ki, Elçin Qasımov 2015-ci ilin noyabrında həbs edilib. Sonradan onu hakimiyyəti ələ keçirmək cəhdində, terrorizmdə və s. ittiham ediblər. Analoji ittihamlarla daha 10 nəfəri – Ağa Yəhyayev, Mahir Qəhrəmanov, Seyfəddin Şirvanov, Ramil Əliyev, Fərhad Muradov, Elgün Axundov, Vüsal Alış, Seymur Aslanov, Əli Şahbazov, Əmirəli Əliyev və İsa İbrahimov da həbs olunub.

Fevralın 17-də keçirilən iclasda əvvəlcə “Müsəlman Birliyi” Hərəkatının təbliğat şöbəsinə rəhbərlik etmiş təqsirləndirilən şəxs Seyfəddin Şirinov ifadə verib. O bildirib ki, hərəkatın sədri Taleh Bağırzadənin uşaqlıq dostudur.

2015-ci il dekabrın 8-də onu guya “avtomobillə bağlı problemlə əlaqədar” 13-cü polis bölməsinə çağırıblar. O, maşını olmadığını desə də, yenə də “məsələni aydınlaşdırmaq üçün” israrla dəvət ediblər.

13-cü bölmədən Şirinovu DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə aparıblar. Orada ona guya evində silah tapılması barədə etirafedici ifadələri imzalamağı təklif ediblər. Əks halda Şirinovu bu ittihamla həyat yoldaşını həbs edəcəkləri ilə hədələyiblər.

Bir neçə ay sonra o öyrənib ki, onların evində axtarış aparılıb, amma heç nə tapılmayıb.

Digər təqsirləndirilən şəxs Ramil Əliyev bildirib ki, BMCMİ-də onu huşunu itirənə qədər döyüblər və Taleh Bağırzadənin “terrorçu” olduğu barədə ifadə verməsini tələb ediblər.

Onun sözlərinə görə, polis əməkdaşları işgəncə tətbiq edilməsini “yuxarıdan verilən göstərişlə” izah ediblər.

“Bu davranış prezidenti, nazirləri gözdən salır”, deyə Əliyev bildirib.

Elçin Qasımov işgəncələrlə bağlı şikayət təqdim edib. Onun sözlərinə görə, 2015-ci il noyabrın 5-də Sabunçu polis idarəsində 70-ə yaxın saxlanılan şəxsi döşəməyə yatmağa məcbur ediblər və onların üstündə gəziblər.

Hakim Mail Bayramov şikayətlərin araşdırılması üçün Baş Prokurorluğa göndərilməsi haqqında qərar qəbul edib.

Növbəti iclas fevralın 24-də keçiriləcək.

Daha çox göstər
Back to top button