Təhlil

Cəmil Həsənli “Azadlıq”a qarşı cinayət təqibindən yazdı

“Ölkədə azad sözün sonuncu çırağını söndürmək üçün ölü elanlarında “cinayət izləri” axtarmaqdansa…”

Milli Şuranın sədri Cəmil Həsənli “Azadlıq” qəzetinə qarşı davam edən istintaq təqibi barədə yazıb. Feysbuk səhifəsində paylaşdığı yazıda C.Həsənli xatırladır ki, qəzetin əməkdaşları Baş Prokurorluğun Ağır Cinayət İşləri üzrə İstintaq İdarəsinə çağırıb sorğu-sual edilir. Onlardan qəzetin maliyyə məsələləri ilə bağlı ifadə alınır. Milli Şura sədri daha sonra yazır:

“Qəribədir ki, korrupsiya və rüşvətin səviyyəsinə görə Muqabe Zimbabvesindən də 8 pillə geridə olan Azərbaycanın Baş Prokurorluğu uzun müddət nisyə çıxmış bir qəzetin redaksiyasında maliyyə pozuntuları, korrupsiya izləri axtarır. Aldığımız məlumatlara görə, istintaq orqanları hətta rəhmətə gedən şəxslərlə bağlı qəzetdə müxtəlif vaxtlarda başsağlığı vermiş şəxsləri dindirib, onların dünyasını dəyişmiş insanlara “Allahdan rəhmət diləmələrində” maliyyə fırıldaqları axtarırlar. Bu məsələ ölkənin maliyyə-iqtisadi həyatına son dərəcə “ciddi təsir göstərdiyindən” Baş Prokurorluq Şeyx Nəsrullah axtarır ki, rəhmətlikləri diriltsin və onlardan soruşsun ki, ey əhli qubur sən bu dünyadan köçəndə filan dostun, qohumun və onların dostları sənin üçün “Azadlıq” ruznaməsi vasitəsi ilə başsağlığı ehsan edəndə pul ödəyib, ya məccani başsağlığı veriblər?

Rüşvətin, korrupsiyanın, büdcə talançılığının ayaq açıb yeridiyi bir məmləkətdə ölülər üçün verilən elanlarda cinayət izləri axtarmaq üçün son dərəcə abırsız olmalısan. Ölü elanlarında yeyinti izləri axtaran bir orqana Milli Şura olaraq biz bir il yarım bundan əvvəl Panama ofşor şirkətlərində vəzifəli şəxslərə, o cümlədən hakim ailə üzvlərinə məxsus aşkarlanmış gizli bank hesabları ilə bağlı araşdırma aparılması barədə müraciət etmişik. Lakin indiyə qədər heç bir səs-səmir çıxmayıb. Ölkədə baş nəzarət orqanı olduğu üçün Baş Prokurorluq MTN-nə də nəzarət etməli idi. Bəs necə olub ki, Baş Prokurorluğun nəzarət etməli olduğu keçmiş MTN rüşvətin içində üzüb, amma ona nəzarət funksiyasını həyata keçirən bir orqanın bundan xəbəri olmayıb? Uzun illər nazir kimi yüksək bir vəzifədə işləmiş şəxs özü yazılı şəkildə etiraf edir ki, nazirliyin korrupsiya pulları hesabına formalaşan “qara kassasından” hər ay iri məbləğdə paket alıb və bir o qədər vəsaitin də hər ay başqa bir nazirə rüşvət olaraq göndərilməsinə göstəriş verib. “Azadlıq” redaksiyasının ölülər üçün verdiyi elanlarda “kriminal iz” axtaran Baş Prokurorluq ortada olan “paket əməliyyatı” haqqında hansı tədbirləri görüb?

Milan prokurorluğu iki azərbaycanlı deputatının AŞPA rəsmisi Luka Valenteyə iri məbləğdə rüşvət vermələri barədə məlumat yayıb. Ölülər üçün verilən elanları operativ şəkildə nəzarətə götürən respublika Baş Prokurorluğu bu istiqamətdə hansısa bir araşdırmaya başlayıbmı? Ölkədə azad sözün sonuncu çırağını söndürmək üçün ölü elanlarında “cinayət izləri” axtarmaqdansa, bax bu və hələ həllini gözləyən buna bənzər çoxlu digər məsələlərə aydınlıq gətirmək lazımdır, cənab prokurorlar”.

Daha çox göstər
Back to top button