Siyasət

Azərbaycan xalqı belə alçaldıcı münasibətə layiq deyil və bunun qarşısını dinc, ardıcıl mübarizəsi ilə almalıdır

“Belə neomonarxik təyinat xalqa qarşı təhqirdir”

İlham Əliyevin 1-ci vitse-prezident təyinatı ilə bağlı Milli Şura bəyanat yayıb. Bəyanatda deyilir:

“Ölkə başçısı İlham Əliyev fevralın 21-də Təhlükəsizlik Şurasının iclasında həyat yoldaşı Mehriban Əliyevanı Azərbaycan Respiblikasının 1-ci vitse-prezidenti təyin etdiyini açıqladı. Hələ ötən ilin 26 sentyabrında saxta referendumla Konstitusiyaya bu istiqamətdə dəyişiklik ediləndə şübhə yox idi ki, İlham Əliyev ailə üzvlərindən birini dövlət aparatında ikinci şəxs statusuna yiyələndirmək istəyir. Bunun özü isə hansısa məqamda hakimiyyəti ailə daxilində rahatlıqla birindən digərinə ötürmək üçün düşünülüb.

Azərbaycanda 50 ilə yaxındır bir ailənin idarəçiliyi hökm sürür. 26 illik müstəqillik tariximizin 24 ili ata və oğul Əliyevlərin hər dəfə saxtalaşdırılmış seçkilərlə hakimiyyəti mənimsəməsi şəraitində keçib. Xüsusilə İlham Əliyevin hakimiyyəti zəbt etməsindən sonra ölkənin həm siyasi, həm də iqtisadi həyatında bir ailənin hegomonluğu gündən günə möhkəmlənməyə başladı. Hazırda Əliyevlər ailəsi bütün iqtisadi-siyasi hakimiyyəti tamamilə öz əlində cəmləşdirib. Bütün başqa hakimiyyət qolları hüdudsuz səlahiyyətlər verilmiş prezident hakimiyyətinin təsiri altında dekorasiyaya çevrilib. Bütün iqtisadi qərar və tədbirlərin arxasında Əliyevlər ailəsinin sərvətini artırmaq niyyəti gizlənir. Hakimiyyətdaxili münasibətlər və cəmiyyətin müxtəlif təbəqələrinə qarşı davranışlar bu ailənin mütləq hökmranlığını təmin etmək üzərində qurulub.

Bu təyinatın ən böyük həqarəti isə təbii ki, xalqadır. İlham Əliyev bununla rəhbərlik etdiyi xalqı nə qədər aşağı tutduğunu, ona hörmət qoymadığını sərgiləmiş oldu. Lakin bu, həm də bir dövlət başçısı kimi özünə hörmətsizliyin görsənişidir. Tarixin İlham Əliyevdən qat-qat artıq avtoritar, totalitar liderləri, hətta diktatorları belə, həyat yoldaşlarını özlərindən sonrakı ikinci vəzifəyə yiyələndirməyiblər. Dünyanın indiki müasir çağında belə bir təyinat vermək dövlət idarəçiliyi əxlaqının ikiqat pozulmasıdır.

Bütün bunlarla bərabər, İlham Əliyev öz təyinatı ilə ölkə qanunlarına, hətta özünün imzaladığı qanunlara açıq hörmətsizlik edib. Ölkənin ana qanunu – Konstitusiya bu təyinatla pozulub. Konstutusiyanın 1-ci maddəsində deyilir ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. İndiki halda isə xalqın heç dolayısı ilə də seçmədiyi, təyinatla vəzifə başına gəlmiş bir şəxs istənilən an dövlət hakimiyyətinin idarəçiliyinə yiyələnə bilər. Saxta referendumla belə bir Konstitusion əsas yaradılıb, lakin bu zaman həmin müddəanın Konstitusiyanın əsas və dəyişməz olan “Hakimiyyətin mənbəyi xalqdır” maddəsilə ziddiyət təşkil etdiyi nəzərə alınmayıb”.

Daha çox göstər
Back to top button