Siyasət

Müsavat liderləri Baş Prokurorluğa çağırılıb

Müsavat Partiyasının başqanı Arif Hacılı və Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb. Bu barədə Turan-a  Müsavat başqanı Arif Hacılı bildirib.

Onun sözlərinə görə, fevralın 27-də saat 10:30-da şahid qismində ifadə vermək üçün Ağır Cinayətlərə dair İşlər üzrə istintaq idarəsinə dəvət edilib.

Arif Hacılı qeyd edib ki,  istintaq idarəsinə çağırılma  mühacirətdə olan vətəndaşlar haqqında qaldırılmış hansısa cinayət işi ilə əlaqədardır.

Müsavat başqanı istintaq idarəsinə çağırılmasını şərh edərkən bunları deyib:

“Azərbaycan hakimiyyətinin  Müsavat Partiyasına qarşı hücumları son dövrlərdə bir qədər artıb. Partiyanın nüfuzunun artması, bütün məsələlərlə bağlı prinsipial və birmənalı mövqelər sərgiləməsi, o cümlədən  Avropada Müsavatçıların keçirdiyi aksiyalar hakimiyyəti narahat edir. Ona görə bu tipli tədbirlərlə Müsavat Partiyasını öz prinsiplərindən çəkindirməyə çalışır. Bunlar baş tutacaq məsələlər deyil. Müsavat-ın Avropada keçirdiyi mitinqlərindən sonra mitinqdə çıxış edən və təşkilatçı olan bir çox şəxslərə, Müsavat partiyası üzvlərinin ailə üzvlərinə təzyiqlər edilmişdi. Hesab edirəm ki, bu çağırış da həmin təzyiq prosesinin  davamıdır”, deyə o bildirib.

Öz növbəsində, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırıldığını təsdiqləyib.

“Hesab edirik ki, bu, prokurorluğun və hakimiyyətin  mənə doğum günü hədiyyəsidir. Çox yəqin ki, dövlət başçısının  son təyinatına bizim prinsipial, birmənalı mövqeyimiz   hakimiyyət dairələrini narahat edib. Və ümumən Müsavat partiyasının mevqeyi, təşkilatlanma prosesinin  sürətlənməsi və mitinqlərdə, konfranslarda səslənən fikirlər, görünür, hakimiyyəti narahat edib. Ona görə də hakimiyyət baxımından bir təzyiq cəhdi kimi qiymətləndirilir”,deyə İ.Qəmbər bildirib.

İsa Qəmbər istintaq idarəsinə şahid qismində çağırıldığını da qeyd edib

Daha çox göstər
Back to top button