İctimaiyyət

“Azadlıq Radiosuna qarşı mübarizə Azərbaycanda elə o təzə yaranan vaxtlardan başlayıb”

«AzadlıqRadiosuna qarşı mübarizə Azərbaycanda elə o təzə yaranan vaxtlardan başlayıb».

Bu sözləri AzadlıqRadiosunun «İZ» proqramına tarixçi-alim Nəsiman Yaqublu söylədi.

Onun sözlərinə görə, hələ 50-ci illərdən sovet hökuməti bu radionu susdurmaq yolunu seçib: «Hökumət Evinin yanında yeraltı stansiyalar qurmağa başlayıblar. Bu yaxınlarda mən bir yazıyla bağlı bir nəfərlə söhbət edirdim. Mənə dedi, bu Hökumət Evini görürsən? 1955, ya 56-cı illərdə burada başladılar yeraltı stansiyalar qurmağa. Kənardan görünürdü. Məqsəd AzadlıqRadiosunun dalğalarını vurmaq idi. Dalğaların yayılmasını əngəlləmək istəyirdilər. Həmin adamın dediyinə görə, Hökumət Evinin altındakı zirzəmidə o vaxtlar böyük bir iş gedib… Sovet dövləti nəhəng bir şəbəkə yaradıb ki, AzadlıqRadiosunun dalğalarını vursun və insanlar o radioya qulaq asa bilməsinlər…».

RƏSULZADƏ AZADLIQRADİOSUNDA!

N.Yaqublu bir daha maraqlı faktlara diqqət çəkdi: «Demək istədiyim odur ki, AzadlıqRadiosu sovet hökuməti üçün təhlükəli bir radiostansiya idi. M.Ə.Rəsulzadənin bu radiostansiyada çıxışları olub. Azərbaycan xalqına müraciətləri olub. Bildiyiniz kimi, «Amerikanın səsi»ndə də belə müraciət var. Və bu radiostansiyanın Azərbaycan xidmətinin ilk yaradıcısı olan Əbdürrəhman Fətəlibəyli-Düdənginski də bu fəaliyyətinə görə 1954-cü ildə Münhendə qətlə yetirilib. Məhz sovet sisteminə qarşı təbliğat işini güclü apardığına görə. Amma bu radiostansiya bu gün də mövcuddur və bizlər bu radioda hər zaman doğru xəbər və Rəsulzadə, Cümhuriyyət haqqında gözəl verilişlərin şahidi oluruq».

«AZAD AVROPA», «AMERİKANIN SƏSİ» RADİOLARI

Nəsiman Yaqublu Dwight Eisenhower-in başçılığıyla 1949-cu ildə Nyu-Yorkda SSRİ-yə qarşı psixoloji savaş proqramı hazırlandığını bildirir: «Bir qədər keçəndən sonra bu proqram əsasında Avropadakı mühacirlərlə danışıqlar başlandı. Azərbaycanlılardan, özəlliklə Düdənginski və Ceyhun Hacıbəyli ilə. Onlar psixoloji savaş proqramının tərkib hissəsi olan bir neçə sahəyə cəlb edildilər. İlk növbədə vəsait ayırıb təbliğat işini gücləndirmək nəzərdə tutulurdu. Beləcə, 50-ci illərin əvvəllərində «Azad Avropa» və «Amerikanın səsi» radioları fəaliyyətə başladı. Bir qədər sonra-1953-cü il martın 1-də AzadlıqRadiosu efirə çıxdı. İlk adı «Qurtuluş» idi. Sonra «AzadlıqRadiosu» oldu».

BAKI BÜROSU-SUSDURULMA!

2004-cü ildən AzadlıqRadiosunun Bakıda da bürosu rəsmi fəaliyyət göstərirdi. Ancaq 2014-cü ildə büro Azərbaycan hökuməti tərəfindən qapadıldı. Radio haqqında məhkəmə işi başladıldı və hələ də davam edir…

Azadlıq Radiosu

Daha çox göstər
Back to top button