İctimaiyyət

Azərbaycanda pensiya yaşının artırılması sosial gərginliyi artıracaq – ekspert

Pensiya yaşı orta yaş həddi əsasında müəyyən olunur. Beynəlxalq standartlara əsasən, insan pensiyaya çıxdıqdan sonra ən az 12 il pensiya almaq imkanına malik olmalıdır. Bu barədə Turan-a müsahibəsində iqtisadçı Rövşən Ağayev bildirib.

Dünyanın inkişaf etmiş ölkələrində və Yaponiyada orta ömür müddəti 80-83 yaşdır. Buna görə orada pensiya yaşı 65-67-dir.

“Azərbaycanda da pensiya yaşını kişilər və qadınlar üçün 65 yaşa qaldırmaq istəyirlər. Rəsmi statistikaya görə, bizdə kişilərin orta ömür müddəti 72 yaş, qadınların 75 yaşdır. BMT-nin hesablamalarına görə, Azərbaycanda orta ömür müddəti ondan da az – 70 ildir. Buna görə Azərbaycanda ən az 12 il pensiya almaq standartına riayət olunmayacaq”, deyə ekspert qeyd edib.

Rusiyada da orta ömür müddəti 70-72 ildir, amma orada kişilər üçün pensiya yaşı 60, qadınlar üçün isə 55-dir, deyə Ağayev bildirib.

O hesab edir ki, pensiya yaşının 65 yaşa qaldırılması ölkədə demoqrafik vəziyyətə mənfi təsir edəcək və bunun sosial nəticələri olacaq. Xüsusən, 60 yaşdan yuxarı olan şəxslərin işlə təmin edilməsi kifayət qədər çətindir. Buna görə heç bir gəliri olmayan işsizlərin sayı artacaq.

Ağayevin sözlərinə görə, pensiya yaşının artırılması hakimiyyətin yaşlı nəsil insanların sosial yükünü və problemlərini öz üzərinə götürməkdən imtinası deməkdir. Bu, öz növbəsində, ölkədə yoxsulluq səviyyəsinin artmasına gətirib çıxaracaq.

Bu vəziyyətin iqtisadi səbəblərinə toxunan Ağayev neft bunu dövrünün başa çatdığını və postneft dövrünün başladığını xatırladıb.

“Qeyri-neft sektoru dövlət büdcəsinin və sosial fondun çox kiçik hissəsini təşkil edir. Buna görə hakimiyyət bu yükü öz üzərindən atmağa çalışır və avtomatik olaraq yük vətəndaşıarın ailələrinin üzərinə keçir”, deyən Ağayev əlavə edib ki, bu, təkcə yoxsulluğun artmasına gətirib çıxarmayacaq, həm də sosial gərginliyi artıracaq. O, həmçinin xatırladıb ki, milli valyutanın iki devalvasiyasından sonra hakimiyyət əmək haqqı və pensiyaların indeksasiyasını aparmayıb.

Daha çox göstər
Back to top button