Beynəlxalq

”Hökumət insan haqlarını açıq-saçıq pozur”

MHİ: ”Mehman Hüseynov dərhal azad edilməlidir”

“Mehman Hüseynovun 2 il azadlıqdan məhrum edilməsi hakimiyyətin darmadağın etdiyi ifadə azadlığının qalan azacıq imkanlarını məhv etməkdə israrlı olduğunu göstərir”.

Media Hüququ İnstitutu (MHİ) Mehman Hüseynovun böhtana görə 2 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Cinayət Məcəlləsinin 147-ci maddəsiylə başlanan böhtan ittihamı əsasında verilmiş hökmün sifarişli olduğu bildirilir.

MHİ blogerin həbsini onun “Sancaq” blogunda yaydığı, hakimiyyətin yuxarı eşalonunda olanların korrupsiya əməlləri, yanlış siyasətləri barədə geniş auditoriya qazanmış tənqidi videomaterialları və şərhləri ilə bağlayır:

“Qanunsuz hökm bir daha hökumətin yüksək səviyyədə “Azərbaycanda heç kim ifadə azadlığına görə həbs cəzası almır. Cinayət Məcəlləsinin böhtan və təhqirə görə ağır cəzalar nəzərdə tutan 147 və 148-ci maddələrinin tətbiqinə moratorium qoyulub”, – məzmunda bəyanatlarının həqiqəti əks etdirmədiyini sübut edir. Artıq hökumət fundamental insan haqlarını pozarkən bunu başqa bəhanələrlə pərdələmək ehtiyacı duymur və açıq-saçıq davranmaq yolunu tutub”.

Media Hüququ İnstitutu hökumətdəki Azərbaycanın gələcəyini firavan görmək istəyən dairələri M.Hüseynovu bu qanunsuz həbsdən dərhal azad etməyə, ifadə azadlığını təmin edən qanunların icrasına şərait yaratmağa çağırır.

“Mehman Hüseynovun fəaliyyəti korrupsiyaçı və mürtəce hakimiyyəti həmişə narahat edib və ona qarşı təzyiqlərə səbəb olub”, – bu sözlər isə Müsavat Partiyasının yaydığı bəyanatdandır.

Bəyanatda məhkəmənin hakimiyyətin göstərişi ilə qərar çıxardığı deyilir:

“Müsavat Partiyası Suraxanı rayon məhkəməsinin qərarını qanunsuz, siyasi sifariş sayır. Buna görə də Mehman Hüseynovun dərhal azad olunmasını tələb edir. Bu həbs söz və mətbuat azadlığı haqqında beynəlxalq normalara və milli qanunvericiliyə ziddir”.

Müsavat Partiyası hakimiyyəti tənqidçiləri həbs etmək və başqa yollarla etiraz edənləri susdurmaq əvəzinə, ölkəni ağır iqtisadi və siyasi böhrandan çıxarmaq  üçün fəaliyyətə başlamağa çağırır.

Daha çox göstər
Back to top button