‘Mehman Hüseynovun həbsi biabırçılıqdır”

“Mehman Hüseynovun həbsi biabırçılıqdır. Başqa nəsə söyləməyə sözüm yoxdur”, – “Ayna” qəzetinin baş refaktoru Elçin Şıxlının sözləridir.
Bu barədə Meydan TV-yə danışan baş redaktor “İnformasiya, informasiyalaşdırma, informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklər etmək istədiklərini deyib:
“Bu, yeni siqnal deyil. Köhnədən gedən prosesdir. Mövcud gedişata cəmiyyət tərəfindən heç bir müqavimət olmayıb, belə də davam edəcək. Çünki jurnalistlər təkbaşına heç nə edə bilməyəcəklər. Onsuz edə də bilmirlər. Hərə öz işiylə məşğuldur və nəticəsi göz önündədir”.
Media hüququ üzrə ekspert Xalid Ağaliyev isə Mehman Hüseynovun böhtana görə həbs edilməsini gözlənilməz saymır. Deyir, blogerin inzibati qaydada cəzalandırılmasından dərhal sonra DİN-in Baş Prokurorluğa müraciət edərək M.Hüseynovun böhtan atmasını araşdırmasını istəməsi həbsin xəbərçisi idi:
“Böhtana görə cinayət qanunlarının işləməsinə moratorium qoyulması barədə deyilənlər gerçək deyildi. Böhtan və təhqirə görə cinayət cəzası nəzərdə tutan maddələr sakitcə işləyirdi. Əsasən internet mediasında çalışanlar davamlı olaraq məhkəməyə çəkilirdi. Onlara ciddi cəzalar tətbiq edilmirdi, ancaq bu maddələr “göz qorxutmaq” funksiyasını yerinə yetirirdi. Elə dünən Sumqayıt Apelyasiya Məhkəməsi böhtana görə həbs olunmuş iki nəfəri xeyli cəza çəkdikdən sonra azadlığa buraxmışdı”.