Beynəlxalq

ABŞ Dövlət Departamenti: Azərbaycanda insan hüquqları ciddi şəkildə pozulur”

ABŞ Dövlət Departamenti dünyada insan hüquqlarının vəziyyətinə dair ənənəvi illik hesabatını açıqlayıb.

Azərbaycana dair bölmədə (29 səhifə) vətəndaşların hüquq və azadlıqlarının ciddi şəkildə pozulması faktlarından, siyasi həbslər, korrupsiya və s. danışılır.

Hesabata görə, 2016-cı ildə Azərbaycanda çox ciddi işgəncə iddiaları araşdırılmayıb, ölkədə siyasi və dini fəalların həbsi, azad medianın boğulmasına da məlumatların ardı-arası kəsilməyib. Əsas insan haqları problemlərinin xarakteri əvvəlki illərdən çox da fərqlənməyib, lakin bu pozuntuların miqyası bir qədər də genişlənib. Hökumət əsas azadlıqların məhudlaşdırılmasını davam etdirib. Bunlar – hökumət tərəfindən təhdidlər yolu ilə ifadə, sərbəst toplaşma və təşkilatlanma azadlıqlarının məhdudlaşdırılması, insanların sual doğuran ittihamlarla həbsi, ictimai fəalların, müxalifət nümayəndələri və dini təşkilatların təmsilçilərinin hədəfə alınmasıdır. Bu da əlavə olunur ki, azadlıqlar üzərinə hücumlara 2006-cı ilədək müstəqil olmuş yeganə yarımmüstəqil telekanalın bağlanması da daxildir. Bu müddətdə müxalifətin aparıcı mətbu orqanının da bağlanmasına səbəb olmuş hərəkətlər edilib.

“Azərbaycan hökuməti fərqli düşüncəni cəzalandırmaq üçün ədliyyə sistemindən istifadə edib, siyasi fəallar məhkəməyəqədərki dövrdə uzun müddətdə həbsxanada saxlanılıb, qanunvericiliyin tələbləri pozulmaqla mühakimələr aparılıb. Bundan başqa hakimiyyət belə hallarda vəkillik etmək istəyən və buna qadir olan hüququşünasların sayını azaldıb. Hakimiyyət əsas azadlıqlarından istifadəyə görə həbs edildikləri düşünülən 17 nəfəri həbsxanadan azad etsə də, bundan daha çox adamı həbs edib. Vətəndaşlara öz hökumətlərini demokratik yolla seçmək imkanı hələ də verilmir”, – hesabatda bildirilir.

Sənəddə qeyd olunur ki, aşağı səviyyələrdə rüşvətxorluğun qarşısının alınması üçün davamlı tədbirlər həyata keçirilsə də hakimiyyətin bütün səviyyələrində sistematik korrupsiyanın mövcudluğuna dair iddialar qalır. Hakimiyyət insan haqları pozuntuları törətmiş rəsmiləri cəzalandırmayıb. İnsan haqları müdafiəçiləri və media qurumları ötən il ərzində azı dörd işgəncə faktının mövcudluğundan yazıblar, lakin işgəncələrin dəqiq statistikasını verən vahid qurum mövcud deyil.

Apreldə 37 yaşlı Rəşad Mehdiyevin Sumqayıt Şəhər Polis idarəsində pis rəftara məruz qaldıqdan sonra dünyasını dəyişdiyi bildirilib. Rəsmi məlumatda onun yıxılaraq təsadüf nəticəsində öldüyü qeyd olunur. Mərhumun yaxınları bu iddiaları rədd ediblər.

NİDA Gənclər Hərəkatının fəalı Elgiz Qəhrəman Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıq İdarəsində ətraf aləmlə heç bir əlaqəsi olmadan 6 gün saxlanılıb. Onun bu müddətdə işgəncələrə məruz qaldığı iddia olunub. Hesabatda “Nardaran məsələsi”nə toxunulur və qeyd olunur ki, Taleh Bağırzadə və daha 16 nəfər, yuxarıda adı çəkilən polis qurumunda işgəncələrə məruz qalıblar. Sənəddə bu da qeyd olunur ki, həbsdə olan NİDA fəalları Bayram Məmmədov və Qiyas İbrahimov onlara işgəncə verildiyini bildiriblər. Heydər Əliyevin abidəsinə şüar yazdıqlarına görə həbs olunduqları deyilən iki gənc polis tərəfindən döyüldüklərini, soyunmağa məcbur edilkdikləri və butulkadan istifadə ilə zorlanacaqları ilə hədələndiklərini bildirib. Onların vəkillə görüşməsinə yalnız narkotik maddə ittihamı üzrə təqsirlərini etiraf etdikdən sonra icazə verilib. Hər iki gənc etirafın onlardan işgəncə ilə alındığını bildiriblər. B.Məmmədov və G.İbrahimovun  məhkəmə prosesi zamanı işgəncə izlərinin olmasına və Baş Prokurorluq və ombudsmanın ofisinə apellyasiya müraciətlərinə baxmayaraq,  bu iddialar aradırılmayıb.

Hesabatda deyilir ki, rəsmi məlumata görə, həbsxana xidməti 2009-2013-cü illər arasında işgəncə ilə bağlı 334 şikayəti araşdırıb. Bu dövrdə DİN-ə 984, Baş Prokurorluğa 678 belə şikayət ərazəsi daxil olub. Bu rəqəmlər Azərbaycanda işgəncə iddialarının dərhal, səmərəli və tərəfsiz araşdırılmadığını göstərir. Hesabatda bildirilir ki, hüquq-mühafizə orqanları zabitlərinin arasında korrupsiya problem olaraq qalır və buna xidmət edən məqamlardan biri də bu sahədə maaşların aşağı olmasıdır. Bu da xatırladılır ki, Azərbaycan DİN ötən il ərzində 16 əməkdaşına dair 8 korrupsiya iddiası ilə inzibati tədbirlər görsə də heç bir zabit barəsində cinayət işi açılmayıb.

Hesabatda siyasi məhbuslardan da söz açılır. Qeyd edilir ki, geniş miqyasda siyasi məhbus olduqları düşünülən 14 nəfərdən başqa jurnalistlər Rauf Mirqədirov və Xədicə İsmayılova, eləcə də insan haqları müdafiəçisi İntiqam Əliyev də azad ediliblər. Bu 17 nəfərin azad olunmasına baxmayaraq, QHT-lər bildirirlər ki, ölkədə siyasi məhbusların sayı 119-160 arasında olaraq qalır. Bundan başqa Human Rights Watch insan haqları təşkilatının məlumatına görə, ötən ilin sonlarında azı 25 hökumət tənqidçisi həbsxanada qalırdı. “Amerikanın səsi”, “Azadlıq” radiosunun saytları və “Meydan” TV-nin İnternet səhifəsi ötən il ərzində vaxtaşırı bloklanıb. “Azadlıq” radiosu və müxalifətyönlü “Azadlıq” qəzeti noyabrın 28-də və dekabrın 2-də saytlarına girişin bloklandığını xəbər verilblər. Həmin günlərdə bu media qurumları parlamentdə təklif olunmuş Seçki Məcəlləsi düzəlişlərini tənqid edən materiallar veriblər.

Qeyd edilir ki, ötən il dekabrın ortalarında “Amerikanın səsi” və “Azadlıq” radiosunun saytlarına giriş müntəzəm şəkildə blok edilib. Bu bloklanmaların hökumətə bağlı Delta Telecom provayderi ilə əlaqəsi bəlli olub. Delta Telecom Azərbaycanda İnternetə girişin 90 faizinə nəzarət edir.

Turan

Daha çox göstər
Back to top button