AXCP fəalına ittihamlar ağırlaşdırılıb
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədliyə irəli sürülmüş ittihamlar ağırlaşdırılıb. Bu haqda AzadlıqRadiosuna cəbhəçi fəalın vəkili Əsabəli Mustafayev məlumat verib.
Vəkil bildirib ki, martın 6-da Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında F.Əhmədli ilə bağlı istintaq hərəkəti keçirilib. Gənc fəal müdafiəçinin iştirakı ilə yenidən dindirilib.
«Fuada əvvəlcə Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinin birinci bəndləri ilə ittiham verilmişdi. Bu gün ittihamlar ağırlaşdırıldı və hər iki maddənin ikinci bəndləri ilə yeni məzmunda ittiham verildi. Fuad Əhmədli bir daha dindirildi. İfadənin məzmunu barədə məlumat verə bilmərəm. Yalnız bunu deyə bilərəm ki, Fuad heç bir cinayət törətmədiyini, təqsirsiz olduğunu bildirdi», – Ə.Mustafayevin sözləridir.
Vəkil əlavə edib ki, ittihamın ağırlaşdırılması F.Əhmədlinin əhval ruhiyyəsinə heç bir təsir göstərməyib.
Cəbhəçi fəala verilmiş əvvəlki maddələrin birində iki, o birisində isə üç ilədək həbs cəzası nəzərdə tutulurdu. Yeni ittihamların sanksiyasında isə səkkiz ilədək cəza var.