Beynəlxalq

Avropa Məhkəməsi azərbaycanlı jurnalistlərin işinə baxacaq

”Ölkədən çıxış məhdudiyyəti ilə bağlı işləri yerli məhkəmələr qanuni araşdırmayıb”

Ölkədən çıxışına yasaq qoyulan jurnalistlərin şikayətinə Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) baxılacaq. Müstəqil jurnalistlər Aytac Əhmədova, Aynur Elgünəş, Aynurə Heydərova, Aytən Fərhadova və Natiq Cavadlıya şikayətlərinin icraata gtürülməsi ilə bağlı məktub gəlib.

Jurnalistlərdən bir neçəsinin vəkili Zibeydə Sadıqova deyir ki, çıxış məhdudiyyəti ilə bağlı işləri yerli məhkəmələr qanuni araşdırmayıb:

“2 ildir ki, heç bir qanuni əsas olmadan jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub. Məsələn: Natiq Cavadlının işində bu qadağanın aradan qaldırılmasından ötrü ölkə daxilində bütün hüquqi vasitələrdən istifadə etmişik. Təəssüflər olsun ki, yerli məhkəmələr bu qanunsuz qadağanın ləğv olunması yönündə qərar vermədi”.

Vəkil ölkədən çıxış qadağalarının Meydan TV internet televiziyasının vəzifəli şəxsləri ilə bağlı Baş Prokurorluqda cinayət işi açılması ilə bağlı olduğunu deyir.

Həmin cinayət işi üzrə prokurorluqda ifadələri alındıqdan sonra jurnalistlərin ölkədən çıxışına yasaq qoyulub.

Zibeydə Sadıqova hansısa cinayət işi üzrə ifadəsi alınan şəxsə belə bir məhdudiyyətin tətbiqinin heç bir əsasının olmadığını deyir.

Vəkillərin Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdikləri şikayətdə vurğulanır ki, yerli qurumlar, məhkəmələr müstəqil jurnalistlərə münasibətdə Avropa Konvensiyasının 4 saylı protokolunun 2-ci maddəsini (Hərəkət etmək azadlığı hüququ) pozublar. Bundan başqa, ölkə daxilində Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ), 10-cu maddəsinin (ifadə azadlığı) və 18-ci maddəsinin (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) də pozuntusuna yol verildiyi bildirilir.

Avropa İnsan Hüquqları Məhkəməsindən qeyd olunan hüquqların pozuntusunun tanınması, pozulmuş hüquqlara görə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarılması istənilir.

Dövlət qurumları ilk vaxtlar jurnalistlərin ölkədən çıxışına qadağa qoyulmasını boyunlarına almırdılar. Göndərilən sorğulara cavab gəlmirdi. Son bir neçə ayda qoyulan qadağalar dövlət tərəfindən inkar edilmir. Məsələn: jurnalistlərin sorğusuna Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun yazdığı cavabda deyilir ki, Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ibtidai istintaqı aparılan 152006048 №-li cinayət işi üzrə yaranmış istintaq zərurəti ilə əlaqədar sizə “Qadağandır” statusu ilə “Giriş-Çıxış”, “Sərhədkeçməyə məhdudiyyət” altsisteminə fəallaşdırılaraq daxil edilib.

Sözügedən cinayət işi 2015-ci ildə açılıb.

Ötən il Meydan TV-nin rəhbəri Emin Milli bu məsələlərlə bağlı bunları bildirmişdi:

“Artıq bəlli olub ki, Meydan TV-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi açılıb. Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 152006048 saylı cinayət işinin istintaqı aparılır”.

E.Milli bildirib ki, Meydan TV direktoru olaraq qanunsuz fəaliyyətlə məşğul deyil. Bütün maliyyə hesabatları vaxtaşırı Meydan TV-nin fəaliyyət göstərdiyi ölkənin qurumlarına təqdim olunur.

Xaricdən yayımlanan Meydan TV 2013-cü ildə fəaliyyətə başlayıb, 2014-cü ildə onun Bakı ofisi qapadılıb.

Daha çox göstər
Back to top button