Ekonomika

Daha 2 xarici şirkət Azərbaycanı tərk etdi

Onlar Britaniya və İsveçrə şirkətləridir

Martın 9-da Azərbaycanda fəaliyyət göstərən daha iki xarici şirkət ləğv edildiyini elan edib.

“Turan” yazır ki, onlardan biri Britaniyanın “Wicklow Corporate Services Limited”, digəri İsveçrənin “Man Oil Group AG” şirkətləridir. Britaniya şirkətinin filialı Azərbaycanda 2007-ci ildən fəaliyyət göstərirdi. Ötən il bu şirkətin sahibi Səid Alum Bitinin Amerika Ticarət Palatasının üzvlərindən biri ilə şəxsi münaqişəsi olmuşdu. İş məhkəməyə qədər gedib. Nəticədə şirkət Amcham-dan çıxarılıb.

İsveçrənin “Man Oil Group AG” şirkətinin filialı isə 2011-ci ildə neftlə çirklənən əraziləri ən yeni texnologiyalarla təmizləmək üçün yaradılıb.

Bunlar son bir neçə ildə Azərbaycanı tərk edən ilk şirkətlər deyil. Daha öncə “Champion Technologies Russia & Caspian BV” şirkəti Azərbaycan filialının bağlandığını elan etmişdi. Bu şirkət 2004-cü ildən Bakıda fəaliyyət göstərir və xüsusi reagentlərin geniş çeşidini təqdim edirdi. Neft-qaz sənayesində yaranan texniki problemlərin həlli ilə məşğul olurdu. Təsisçisi Texasın CS-US Holdings, Inc (ABŞ) şirkəti idi.

Azərbaycanda 23 illik iş təcrübəsi olan Türkiyənin “Seha” şirkəti də bağlandı. O, elektrik malları və elektrik avadanlığı satırdı. Şirkətin sahibi Bahri Tupuz “Hizmet” hərəkatı ilə əməkdaşlıqda ittiham edildi.

2016-cı ildə Azərbaycanda 20 illiyini qeyd edən “Nil Kitap Kirtasiye Sanayi Ltd. Sti.” şirkəti də “Hizmet” hərəkatı ilə əlaqələndirildi. O, sonradan adını dəyişərək “Axent Kirtasiye” MMC-yə çevrildiyini elan etdi. Şirkətin dəftərxana mallarının satışı üzrə mağazalar şəbəkəsi var.

Daha çox göstər
Back to top button