İctimaiyyət

Elgiz Qəhrəmanovun işi birinci instansiya məhkəməsinə qaytarılıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində Sahibxan Mirzəyevin sədrliyi ilə böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 5,5 il müddətinə azadlıqdan məhrum edilmiş NİDA hərəkatının fəalı Elgiz Qəhrəmanın işi üzrə hazırlıq iclası başlayıb.

İclasda vəkil Fariz Namazlı birinci instansiya məhkəməsinin protokollarında bir sıra şahid ifadələrinin, xüsusən Ekspertiza Mərkəzinin əməkdaşı Gülşən Hümbətovanın cavablarının olmadığı barədə iradlar təqdim edib.

Müdafiə tərəfi sözügedən iradlarla əlaqədar işin Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmasını xahiş edib. Dövlət ittihamçısı Rəsul Abbasov etiraz etməyib.

BAM işin Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılması və şikayətə baxılmasının birinci instansiya məhkəməsi iradlara münasibət bildirənə qədər təxirə salınması barədə qərar qəbul edib.

Qəhrəman 2016-cı il avqustun 12-də böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunub. 2017-ci il yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5,5 il müddətinə azadlıqdan məhrum edib.

NİDA hərəkatı Qəhrəmanın həbsinin siyasi motivli olduğunu bəyan edib, həbsin əsl səbəbinin facebook-da İlham Əliyevin oğlunu istehza ilə dahi dövlət xadimi şah İsmayıl Xətai ilə müqayisə etməsi olduğunu bildirib.

Qəhrəman yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

Daha çox göstər
Back to top button