İctimaiyyət

MSŞT Azərbaycanın üzvlüyünü dayandırıb

Martın 9-da Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) bəyanatla çıxış edərək ölkədə vətəndaş cəmiyyətinin pis vəziyyətinə görə Azərbaycanın fəaliyyətinin dayandırıldığını bildirib.

2016-cı ilin oktyabrında MŞST müəyyən etmişdi ki, Azərbaycan MSŞT-nin vətəndaş cəmiyyətilə təmas tələblərinə riayət etməyib və nöqsanları aradan qaldırmaq üçün konkret addımlar atmaq həvalə olunub. Hökumətin həmin addımları atmaması bugünkü qərarla nəticələnib.

“Tələb olunub ki, Azərbaycan vətəndaş cəmiyyətinə qanuni və de fakto mühit yaratmalı, vətəndaş cəmiyyəti təşkilatlarının fondlara azad çıxışını təmin etməli, açıq ictimai debatlara şərait yaratmalı və qanunsuz həbs edilənləri azad etməlidir. REAL Hərəkatının lideri İlqar Məmmədovun azad edilməsi doğru yolda atılan addım kimi qitmətləndirilə bilər”, – hesabatda deyilir.

Azərbaycan 2015-ci il aprelin 15-də Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Beynəlxalq Təşəbbüsündə tamhüquqlu üzv statusunu itirib. Ona növbəti 1 il müddətində icra üçün islahedici plan təklif olunub.

Ötən ilin sonlarında təşkilat rəhbərlərinin Bakıya səfəri zamanı bildirilib ki, QHT-lərin problemlərinin həllinə başlanılıb. QHT rəhbərlərinin və üzvlərinin ölkədən çıxışı və ölkəyə dönüşü zamanı qarşılaşdıqları sərhəd yoxlamaları dayandırılıb, üzv təşkilatların bank hesablarından həbslər götürülüb və əvvəllər qeydiyyatından imtina edilmiş bir sıra qrant müqavilələri Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.

Bununla yanaşı koalisiyaya daxil olan QHT-lərin bir qismi hesab edir ki, atılan addımlar davamlı və sistemli olmadığına görə vətəndaş cəmiyyətinin problemləri tam həllini tapmayıb.

Yuxarıdakı tələblərlə bağlı Azərbaycanda irəliləyiş 2017-ci il iyulun 26-da başlayacaq üçüncü yoxlama çərçivəsində qiymətləndiriləcək. Vətəndaş cəmiyyətinin durumunu yaxşılaşdırmaq üçün hökumətin imkanları var. Əks halda, ölkə MSŞT-dən xaric ediləcək, bəyanatda vurğulanıb.

Qeyd edək ki, Boqota iclasında Ermənistan MSŞT üzvlüyünə qəbul edilib.

Daha çox göstər
Back to top button