Təhlil

”MHŞT-dan çıxma Azərbaycana hərtərəfli problem yaradacaq”

Xədicə İsmayıl: ”Düşünmə və danışma qabiliyyəti olan hər kəsi həbs edirlər”

Martın 10-da Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsündən (MHŞT) çıxdı. Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru, MHŞT üzrə Hökumət Komissiyasının və Çoxtərəfli Qrupun sədri Şahmar Mövsümov bu barədə bəyanat yaydı.

Bir gün əvvəl isə Kolumbiyanın paytaxtı Boqota şəhərinə toplaşan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyəti 36-cı iclasında Azərbaycanın bu qurumdakı fəaliyyətini dondurdu.

Şahmar Mövsümov bəyanatda Azərbaycanın MHŞT sahəsində bir çox ilklərə imza atan ölkə olduğunu, 2003-cü ildən bəri gördüyü işləri, 2009-cu ildə tamhüquqlu üzv statusunu əldə etdikdən sonra verdiyi hesabatlardan danışıb:

“İnanırıq ki, cari qaydalara edilmiş mühüm dəyişikliklər ilə Azərbaycan islahedici tədbirlərin bütünlüklə yerinə yetirməsinə müvəffəq olub. Biz İdarə Heyətinin Azərbaycanın fəaliyyətini dayandırmaqla bağlı qərarını ədalətsiz hesab edirik. Hazırda MHŞT öz ilkin mandatından-hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətindən xeyli uzaqlaşıb.  Müxtəlif sahələrdə fəaliyyət göstərən qrupların hər imkanda əlaqəsiz faktları təqdim etməsi təşəbbüsün öz ilkin missiya və məqsədlərindən uzaqlaşdığının göstəricisidir”.

Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının  (MSŞA) üzvü, hüquqşünas Akif Qurbanov hökumətin belə qərar verməsinə təəssüf edir. Digər tərəfdən isə “başadüşüləndir” deyir:

“Hökumət problemləri həll etmir. Vətəndaş cəmiyyətinin problemlərini həll etmək, məhbusları azad etmək niyyətində deyil. Bilirlər ki, fəaliyyətin dayandırılmasından sonra verilən müddətdə islahatlar aparmayacaqlar. Onsuz da növbəti qərar Azərbaycanın üzvlükdən çıxarılması olacaqdı”.

Hüquqşünas deyir ki, bunun olmaması üçün bəri başdan özləri qurumdan çıxmaq qərarı veriblər. Akif Qurbanov bunu özünütəcrid siyasəti hesab edir. Deyir, bu, Azərbaycan üçün yaxşı heç nə vəd etmir:

“Ölkə müasir, demokratik olmaq istəyirsə, orada elementar şəffaflıq təmin edilməlidir. Gəlirlər açıqlanmalı, hesabatlılıq olmalıdır. Bütün bunları təşkil etmək üçünsə vətəndaş cəmiyyəti ilə əməkdaşlıq vacibdir. Vətəndaş cəmiyyəti prosesə ictimai nəzarət etməlidir. Bizdə vətəndaş cəmiyyətini rəqib, hakimiyyəti yıxmaq istəyən tərəf kimi görürlər”.

Hüquqşünas hakimiyyətdə vətəndaş cəmiyyətinə qarşı bəzi fobiyanın olduğunu deyir:

“Vətəndaş cəmiyyətinin Qərbin vasitəsilə Azərbaycanda hakimiyyət dəyişikliyi etmək istədiyini düşünürlər. Bu fobiyadan çıxa bilmirlər. Ona görə də, özünü qorumağa fokslanıblar”.

“Bu, ölkənin iqtisadi və dövlət maraqlarına zərbədir”

Akif Qurbanov deyir ki, qorumaq instikti Azərbaycanı qapalı ölkəyə çevirməyə istiqamətlənib. Bu da ölkəyə beynəlxalq – Qarabağdan tutmuş, iqtisadi, kredit danışıqlarına qədər bütün mövzularda problem yaradacaq:

“Rəy formalaşacaq ki, Azərbaycan beynəlxalq qurumların tələblərini yerinə yetirmir, deməli, orada şəffaflıq, ictimai nəzarətlə bağlı problem var. Bu varsa, xarici investor həmin ölkəyə sərmayə yatırmayacaq. İkinci tərəfdən, Azərbaycanın iqtisadi çətinliklər dövründə əlavə maliyyə yardımlarına ehtiyacı var. Belə bir dövrdə baş verənlər Azərbaycana və onu təmsil edən şirkətlərin nüfuzuna xələl gətirəcək. Bu, ölkənin iqtisadi və dövlət maraqlarına zərbədən başqa bir şey deyil”.

Azərbaycan 2004-cü ildən MHŞT üzvüdür, 2011-ci ildən isə Açıq Hökumət Tərəfdaşlığının (OGP ) iştirakçısıdır.

O vaxtdan bəri nə baş verib?

“Əvvəllər hansı şirkətin kimə məxsus olduğunu öyrənə bilirdik, indi bu, kommersiya sirridir”, – deyə araşdırmacı jurnalist  Xədicə İsmayıl “Facebook”-da məsələyə münasibət bildirib.  O, Azərbaycanın MHŞT-ya üzv olduğu zamanda heç bir irəliləyişin olmamasına, əksinə vəziyyətin daha da pisləşməsinə diqqət çəkib.

Onun sözlərinə görə, əvvəllər jurnalistlərin açıq yerlərdə çəkilişlərinə mane olmurdular, indi konstitusiyadakı dəyişikliklərə istinadən mane olurlar:

“Əvvəllər xarici media ilə əməkdaşlıq cinayət sayılmırdı, indi əksinədir. Buna görə cinayət məsuliyətinə cəlb edirlər.  Mülkiyyət hüququna konstitusiya təminat verirdi, indi mülkiyyətin əlinizdən alınmasına təminat verirlər. Hakimiyyət formal da olsa, 3 qanadın üzərində idi, indi 2 qanad var”.

“Əvvəllər də neft pulunun hara getdiyini bilmirdik, indi də xəbərsizik”

Xədicə İsmayıl deyir ki, əvvəllər ailə hakimiyyəti üçün parlamentin razılığı lazım idi, indi gərək yoxdur:

“Vətəndaş cəmiyyətinin fəaliyyəti üçün imkanlar vardı, indi yoxdur. Rəsmi ofisi, bağlanmamış bank hesabı, çıxışına qadağası olmayan sədri olan və real iş görən təşkilat tapa bilməzsiz. Əvvəllər siyasi həbslər yalnız real hakimiyyət təhlükəsi olan adamlara qarşı idi, indi isə düşünmə və danışma qabiliyyəti olan hər kəsi əhatə edir. Əvvəllər də neft pulunun hara getdiyini bilmirdik, indi də xəbərsizik. Amma əvvəllər hökumət “mən şəffaflıq təşəbbüsünün iştirakçısıyam” – deyib, gözümüzü deşmirdi”.

“Əvvəllər hökumət MHŞT-da səsvermədə iştirak edəcək QHT-lərlə bazarlığa gedib, adamları gözümüzdən salmırdı, indi salır”, – deyə Xədicə İsmayılova bildirir.

Azərbaycan hökuməti 2003-cü ildə maliyyə şəffaflığı və hesabatlılığı ilə bağlı təşəbbüsə qoşulub. 2009-cu ildən Azərbaycan hökuməti qurumun tamhüquqlu üzvü olub.

Meydan TV

Daha çox göstər
Back to top button