Təhlil

‘İqtisadiyyat neft asılılığından azad olmadı’

«Novoye Vremya» qəzetində «İqtisadiyyatda vəziyyət pisləşir, nə etməli?» sualına cavab axtarılır.

Müəllif hesab edir ki, bank sisteminin səmərəsizliyi, böhran hallarına uyğunlaşmaması ölkə iqtisadiyyatına ölümcül zərbə vurub: «Bununla birgə korrupsiya, talançılıq, bəzi banklarda milyardlara vəsaitin dağıdılması bu və ya digər şəkildə dövlətin qızıl-valyuta ehtiyatlarına zərbə olub. Bu isə Azərbaycanın xarici borcunun yaranmasına gətirib çıxarıb».

Yazıda qeyd edilir ki, indi ölkənin xarici borcu Ümumi Daxili Məhsulun 20 faizinə bərabərdir.

Müəllif vurğulayır ki, 2017-ci ilin fevralında ümumilikdə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi 16 milyard manat təşkil edib: «Yanvar ayı ilə müqayisədə bu, təqribən 280 milyon manat və ya təqribən 2 faiz çoxdur. İllik müqayisədə ölkə iqtisadiyyatına kredit qoyuluşu 353 milyon manat azalıb».

Yazıda deyilir ki, iqtisadiyyata kredit qoyuluşunun azalması bankların durumu ilə bağlıdır. Müəllif bildirir ki, ölkədə problemli kreditlərin də həcimi durmadan artmaqdadır: «Aydındır ki, iqtisadiyyatda böhran dərinləşdikcə, vətəndaşların sosial durumu pisləşdikcə, problemli kreditlərin həcmi də artacaq».

Yazıda qeyd edilir ki, bu vəziyyətə baxmayaraq, banklar kreditlər üzrə faizləri azaltmaq barədə düşünmürlər. Ölkə banklarındakı durğunluq isə iqtisadiyyatın inkişafına maneədir: «Ən ağrılısı budur ki, bu halda yaxın perspektivdə durumun yaxşılaşacağı da görünmür. Ona görə ki, iqtisadiyyat hələ də neft asılılığından azad ola bilmir. Korrupsiya, inhisar qalmaqda davam edir».

Azadlıq Radiosu

Daha çox göstər
Back to top button