Ərzaq məhsulları 16 faiz bahalaşıb

Bu ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin eyni dövrünə nisbətən 12.5 faiz bahalaşıb.
Ərzaq məhsullarının qiymətləri 15.6 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12.5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri də 8.4 faiz yüksəlib.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, fevralda yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1.6 faiz artıb. Son bir ayda ərzaq məhsullarının qiymətləri 2.5, qeyri-ərzaq məhsullarının qiymətləri 0.9, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 1 faiz bahalaşıb.
Ay ərzində düyünün, unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun, toyuq ətinin, balıq məhsullarının, kolbasa məmulatlarının, süd məhsullarının, kərə və bitki yağlarının qiyməti artıb. Şəkər, şəkər tozunun, qəhvə, çay və kakaonun da bahalaşdığı bildirilir.
Bundan başqa, almanın, armudun, limonun, portağalın, naringinin, bananın, kələmin, göyərtinin, xiyarın, kartofun, soğanın, sarımsağın, yerkökünün, çuğundurun, spirtli içkilərin və tütün məmulatlarının qiymətlərində bahalaşma müşahidə edilib.
Fevralda yanvar ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçaların, geyim və ayaqqabıların bahalaşdığı açıqlanıb. Habelə, inşaat materiallarının, mebellərin, ev əşyalarının, zərgərlik məmulatlarının, xalça və digər döşəmə örtüklərinin də qiymətlərinin artdığı bildirilir. Üstəlik, şüşə məmulatları, yemək qabları, məişət cihazlarının, kompüterlərin, dəftərxana ləvazimatlarının, minik avtomobilləri və onlardan ötrü ehtiyat hissələrinin qiymətlərində bahalaşma baş verib.
azadliq.org