“Mən bu xalqın hansısa diktatora, sülalə hakimiyyətinə acıdığını görmədim”: Əli Kərimli

AXCP sədri Əli Kərimli Azərbaycanda indiki avtoritar idarəçiliklə xalqın barışmış kimi görünməsinin səbəbini izah edən, bunun cəmiyyətin siyasi dünyagörüş və istəkləri ilə heç bir bağlılığının olmadığını əsaslandıran yazı qələmə alıb. AXCP sədrinin feysbuk səhifəsində paylaşdığı həmin yazını təqdim edirik:
Desəm ki, bu xalq 7-dən 70-ə, uşaqdan böyüyə hamılıqla demokratiya istəyir, diktatorlardan, korrupsionerlərdən zəhləsi gedir, şübhə ilə yanaşacaqsınız. İradlar başlayacaq ki, millət demokratiyanı istəsəydi, demokratiya naminə meydanlara çıxardı, korrupsioneri məclisinin başında əyləşdirməzdi, rejimin üzəduranlıq, şilləvuranlıq, qara yaxmaq kimi ən çirkin işlərini görən xırda vintlərinə belə “filankəs müəllim” deyib, hörmətlə xitab etməzdi, hər fürsətdə haqqını tələb edərdi… Əlbəttə, bunlar da haqlı iradlardır. Mən bu qəbildən olan davaranışlara qətiyyən haqq qazandırmıram, ancaq başa düşürəm ki, bu, daha çox cəmiyyətdəki qorxu və reallıqla barışmaq hissilə izah edilməlidir.
Ailə hakimiyyətinin indiyə qədər siyasi mülahizələrlə minlərlə insanı həbs etdirməsi (hazırda azı 150 nəfər siyasi məhbus var), 10 minlərlə insanı ölkədən didərgin salması izsiz ötüşməyib. İnsanlar ölkədə baş verənlərə əsl münasibətlərini gizlətməyə öyrəşiblər. Kamera görən kimi “ümummilli lider və onun layiqli davamçısı” haqda danışmaq artıq şərti refleksə, özünü qoruma instiktinə çevrilib. Ona görə də millətimiz daha çox və fəal şəkildə xaricdə baş verən hadisələri müzakirə edir. Məhz xaricdə baş verənləri şərh edəndə insanlarımız özləri kimi olurlar. İndi isə göz ataq görək, millətimiz xaricdə baş verənlərə necə yanaşır?
Əvvəla, millətimiz dünyadakı bütün diktatorlara nifrət edir. Onlara (birilərinin könlündən keçən kimi) güclü lider, dəmir əl, xalqının xilaskarı, sabitliyin qarantı kimi deyil, xalqına zülm edən, insanlıqdan uzaq, qaniçən oğru, hakimiyyət hərisi kimi baxır. Millətimiz Türkmənistandan, Zimbabve və Şimali Koreyaya qədər dünyanın hər yerindəki diktatorlara gülür.
İkincisi, Misirdə, Tunisdə, Liviyada.., Ukraynada, Gürcüstanda,Venesuelada… – dünyanın harasında olur olsun, xalqlar demokratik inqilablar edirsə, bizim millətin rəğbəti hər zaman meydanda ayaq üstə olan xalqın yanında olur. Mən bu millətin hansısa diktatora, sülalə hakimiyyətinə acıdığını görmədim. Tam əksinə, hər dəfə hansısa diktator yola salınanda xalqımızın necə sevindiyinin şahidi olmuşam.
Üçüncüsü, Rumıniyadan Cənubi Koreyaya qədər xalqlar ayağa qalxıb, öz korrupsioner başçılarına qarşı etiraz edəndə, mən bircə azərbaycanlıya da rast gəlmədim ki, desin “o camaat nə istəyir, guya başqası gəlsə, rüşvət almayacaq? Heç olmasa indiki yeyib-doyub, yeni gələn ac gələcək və s.”.
Dördüncüsü, söhbət ABŞ-ın, Rusiyanın, Türkiyənin, İranın daxili siyasətindən gedəndə də bizim həmvətənlər hər zaman demokratikləşmədən yanadırlar, avtoritarizm meyllərinə qarşıdırlar. Demokratiyanın daha yaxşı olduğunu bilirlər.
Və mən milyonlarla soydaşımın şəxsiyyətinin ikiləşməsinə inanmıram. Heç ola bilməz ki, insan bütün dünya üçün demokratiyanın, ədalətin, hüquq və azadlıqların nə qədər vacib olduğunu başa düşsün, yalnız özü və milləti üçün bunu istəməsin. Ola bilməz! Ona görə də arxayınlıqla yazımın əvvəlindəki fikri bir daha təkrar edirəm: Millətimiz demokratiya və ədalətin tərəfindədir. Rejimin qorxusu bu istəyi açıq ifadə etməyə hələlik imkan vermir. Bir gün bizim də hamılıqla qorxularımıza qalib gələn vaxtımız olacaq (onun üçün hər gün çalışmalıyıq) və o zaman hamınız şahid olacaqsınız ki, bu millət avtoritar, korrupsioner idarəetmə istəmir. Özü və övladları üçün demokratiya, azadlıq, ədalət və firavanlıq istəyir!