İctimaiyyət

Gənc fəalın təcridxanadan yazdığı məktublar açılır və oxunur

Vəkil: “Qiyas İbrahimovun vəkillə gizli ünsiyyət saxlamaq hüququ pozulub”

Gənc fəal Qiyas İbrahimovun təcridxanadan yazdığı məktublar açılır və oxunur. Məlumatı vəkil Elçin Sadıqov yayıb. Bildirib ki, Qiyas İbrahimov 2017-ci ilin fevralında Bakı İstintaq Təcridxanasından ona məktub göndərib. Həmin məktub açılıb və təcridxana rəisinin müşayiət qeydləri ilə ona göndərilib:

“Həbsdə saxlanılan şəxsin vəkillə konfidensial ünsiyyət saxlamaq hüququ pozulub. Bununla bağlı Sabunçu rayon məhkəməsinə şikayət etmişik. 15 mart 2017-ci il tarixdə şikayətimizə baxıldı və məhkəmə iclası təcridxana əməkdaşlarını dindirmək üçün 30 mart 2017-ci il tarixə saat 16.00-a təyin edildi”.

Qiyas İbrahimov digər gənc fəal Bayram Məmmədovla birgə 2016-cı il mayın 10-da saxlanıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2,904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2,607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı bildirilib. Ancaq gənclər bu ittihamları qəbul etmir və keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazdıqlarına görə, həbs olunduqlarını bəyan ediblər.

Gənclərin hər ikisi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də hər iki fəal haqqında hökmləri qüvvədə saxlayıb.

“Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı B.Məmmədov və Q.İbrahimovu “vicdan məhbusu” elan edib. Yerli və beynəlxalq insan haqları təşkilatları onlarla məhbusun siyasi motivli ittihamlarla cəza çəkdiyini bildirir.

Amma hakimiyyət təmsilçiləri onların “siyasi məhbus” olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.

Daha çox göstər
Back to top button