Təhlil

ABŞ-dan Bakıya tәlәb: Bütün siyasi mәhbuslar dәrhal azad edilsin

Helsinki komissiyası Azərbaycana: Bütün siyasi məhbusları azad edin

Ənənəvi Novruz bayramında ABŞ-ın Helsinki komissiyası liderləri Azərbaycan hökumətini siyasi məhbusları dərhal azad etməyə və insan haqları, demokratiya, hüququn aliliyi üzrə ATƏT-in öhdəliklərini yerinə yetirməyə çağırıb.

“Çox təəssüfləndirici haldır ki, Prezident Əliyevin Novruz qabağı əfv sərəncamı ilə buraxdığı məhbuslar arasında siyasi məhbusların çox az bir hissəsi olub”, – deyə Helsinki Komissiyasının sədri senator Rocer Viker bildirib. “ATƏT üzvü olan ölkələrin hökumətin müdaxiləsi olmadan informasiya və fikir mübadiləsi aparmaq azadlığı da daxil olmaqla, ifadə azadlığına hörmət etmək öhdəliyi vardır. Azərbaycan hökuməti dinc şəkildə öz hüquqlarından istifadə etdiyi üçün həbs edilən müxalifət fiqurları, insan haqları aktivistləri və dini liderləri azad etməklə öz öhdəliklərini yerinə yetirməlidir. Siyasi motivasiyalı ittihamlarla 5-ci ildir həbsdə olan keçmiş prezidentliyə namizəd İlqar Məmmədov azad edilməlidir.”

“Prezident Əliyevin əfv sərəncamı bir çox insan haqları aktivisti, jurnalist və siyasi müxalifi həbsdə saxlayıb və onlar hazırda pis rəftara məruz qalırlar”, – Helsinki Komissiyasının həmsədri Kris Smit deyib. “Mən İlham Əliyevi insan haqları və demokratiyaya hörmət etməyə və bütün vicdan məhbuslarını azad etməyə çağırıram.”

2016-cı ildə Azərbaycan hökuməti 148 məhbusu Novruz bayramı ərəfəsində əfv etmişdi, onların arasında nüfuzlu insan haqları təşkilatlarının siyasi məhbus hesab etdiyi bir çox insan var idi. Bu il isə hökumət 400-dən çox məhbusu əfv edib, amma azad edilənlər arasında cəmi 4 siyasi məhbusu olub.

Daha çox göstər
Back to top button