Təhlil

Hüquq müdafiəçisi: “Hakimiyyət özü Azərbaycana qarşı sanksiyaları sürətləndirir”

Martda imzalanmış yarımçıq əvf fərmanı təkcə yerli vətəndaş cəmiyyətinin narazılığına səbəb olmayıb. Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar məsələsi gündəliyə qayıdıb. ABŞ Senatının Helsinki Komissiyası 150-yə yaxın siyasi məhbusun Azərbaycan həbsxanalarından azad edilməsini tələb edir. Onların əksəriyyəti vicdan məhbusu elan edilib. Komissiya nümayəndələri Azərbaycan hökumətini siyasi məhbusları dərhal azad etməyə və ATƏT qarşısında insan hüquqları, demokratiya və qanunun aliliyi sahəsində öhdəliklərinə hörmət etməyə çağırıb: “Prezident Əliyevin Novruz ərəfəsində yüzlərlə əvf olunan arasında çox az sayda siyasi məhbusu azad edib. ATƏT üzvü olan dövlətlər söz azadlığına, o cümlədən dövlət orqanlarının müdaxiləsi olmadan informasiya və fikir mübadiləsi azadlığına hörmət etməlidirlər. Azərbaycan hökuməti öhdəliklərinə riayət etməli, hazırda öz hüquqlarını dinc şəkildə həyata keçirdiklərinə görə həbsdə olan müxalifətçiləri, vətəndaş fəallarını, jurnalistləri və dini liderləri azad etməlidir. Prezidentliyə keçmiş namizəd İlqar Məmmədovla bağlı bu, xüsusilə ədalətli olardı”, deyə komissiyanın sədri, senator Rocer Uiker bildirib.

Helsinki Komissiyasının sədri Kris Smit qeyd edib ki, əvfdən sonra məşhur Azərbaycan hüquq müdafiəçiləri, jurnalistlər və fərqli düşünənlər həbsxanalarda qalıblar, orada zorakılığa və pis rəftara məruz qalırlar: “Prezident Əliyevi ölkəsində insan hüquqlarına və demokratiya normalarına hörmət etməyə və bütün vicdan məhbuslarını dərhal azad etməyə çağırıram”, deyə konqresmen qeyd edib.

“Yerli və beynəlxalq təşkilatlar artıq uzun müddətdir Azərbaycan hakimiyyətinə siyasi məhbusları azad etmək çağırışı ilə bəyanatlar yayırlar”, deyə hüquq müdafiəçisi Oqtay Gülalıyev Turan-a bildirib.

“Amma hakimiyyət bu çağırışları eşitmək istəmir. Sonuncu əvf sərəncamı bunu sübut edib, 160-dan çox siyasi məhbusdan cəmi 4-nün adı siyahıya salınıb.

Təbii ki, bu, nə yerli, nə də beynəlxalq təşkilatları qane etməyib. Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatların çağırışlarına qeyri-adekvat reaksiya verir. EİTİ təşkilatı qarşısında öhdəliklərini yerinə yetirmək əvəzinə, Azərbaycan hakimiyyəti koalisiyanın tərkibindən çıxıb, bununla da, onların fikrincə, öhdəliklərdən azad olublar.

Amma bütün bunlar beynəlxalq təşkilatların nəzərindən yayınmır. Siyasi məhbusların azad edilməsi, insan hüquqlarının müdafiəsi və demokratik qurumların normal fəaliyyətinin təmin edilməsi haqqında tələblər yerinə yetirilməsə, Qərb ciddi tədbirlərə, o cümlədən Azərbaycana qarşı sanksiyalara əl ata bilər. Düşünürəm ki, sanksiyalar tətbiq oluna bilər, Azərbaycan hakimiyyəti özü bunun üçün zəmin hazırlayır. Tədricən Azərbaycan hakimiyyətinə çağırış və tələblər artacaq və son nəticədə bu, sanksiyalara gətirib çıxaracaq.

Hakimiyyət həmişə Qərbi öhdəlikləri yerinə yetirəcəyi və siyasi məhbusları azad edəcəyi vədlərilə aldatmağa çalışıb. Amma onlar sözlərini tutmurlar, yeni həbslər həyata keçirirlər. Həm ölkəsində, hım də onun hüdudlarından kənarda məşhur olan bloger Mehman Hüseynovun həbsi buna nümunə ola bilər. Onun həbsi Qərb təşkilatlarının ədalətli tələblərinə meydan oxumaq deməkdir, onlar buna sanksiyalarla cavab vermək məcburiyyətindədirlər. Dünyada elə bir hökumət yoxdur ki, sanksiyalardan qorxmasın. Azərbaycan bütün dünyadan təcrid vəziyyətdə qalmaq üçün kifayət qədər imkanı olmayan çox kiçik ölkədir. Azərbaycan hakimiyyəti, əlbəttə ki, sanksiyalardan ehtiyat edir, sadəcə olaraq əksini göstərməyə çalışır. Düşünürəm ki, ciddi sanksiya təhlükəsi olarsa, hakimiyyət bəzi islahatlara getməyə məcbur olacaq”, deyə O.Gülalıyev qeyd edib.

“Sanksiyalar məsələsi gündəliyə qayıda bilər və sanksiyalardan Azərbaycana beynəlxalq təzyiq vasitəsi kimi istifadə oluna bilər”, deyə hüquq müdafiəçisi Bəşir Süleymanlı Turan-a bildirib.

“Biz həmişə ölkədə siyasi məhbus probleminə birdəfəlik son qoymağı tələb etmişik. Bunun üçün siyasi iradə lazımdır. Beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən ABŞ-ın Helsinki Komissiyası bu problemdən narahatdır və onların bəyanatı göstərir ki, onlar siyasi məhbusların azad edilməsi üçün 2014-2015-cu illərin təzyiq kampaniyasını bərpa etmək niyyətindədirlər. Azərbaycan hakimiyyəti inad edəcəyi təqdirdə ABŞ Senatında sanksiyalar məsələsinə baxıla bilər. Bu, Ağ Evin yeni Administrasiyasının fəaliyyətindən də asılı olacaq. Aydındır ki, yeni administrasiya hələlik Azərbaycan hakimiyyəti ilə siyasi məsələləri, o cümlədən demokratiya məsələlərini müzakirə etməyib. Bu danışıqlardan sonra siyasi məhbuslar məsələsinin necə həll olunacağını daha dəqiq demək olacaq. Biz və Qərb təşkilatları siyasi məhbusların azad ediləcəyini gözləyirdik. Dəfələrlə deyilib ki, martda böyük əvf gözlənilir. Hətta siyahıya düşəcək siyasi məhbusların sayı göstərilirdi. Söhbət 27 addan gedir. Ümidlər doğrulmadı və buna görə Azərbaycan hakimiyyətinə təzyiq vasitəsi kimi sanksiyalar işə düşür. Hakimiyyət, yəqin ki, bu sanksiya çağırışlarına cavab addımlarını düşünüblər. Bu cavabın nədən ibarət olacağını zaman göstərəcək”, deyə B.Süleymanlı qeyd edib.

2016-cı ildə Azərbaycan prezidenti Novruzdan əvvəl 148 məhbusu, o cümlədən 15 siyasi məhbusu əvf edib. Bu il İlham Əliyev 400-dən çox insanı əvf edib, amma cəmi dörd siyasi məhbus azad edilib.

Daha çox göstər
Back to top button