Ekonomika

Azərbaycan iqtisadiyyatı nə qədər kiçilib?

Ötən 10 il ərzində Azərbaycana dövlətin faktiki xarici borcları 3,63 dəfə artıb.

Ötən il Azərbaycanda istehsal olunmuş ÜDM dollar ifadəsində 2008-ci il səviyyəsindən də 10 faiz aşağı düşüb. Belə ki, ötən il formalaşmış ÜDM 35 milyard dollar olduğu halda 2008-ci ildə eyni göstərici 40 milyard dollar təşkil edirdi.

Müvafiq olaraq ötən il adambaşına ÜDM istehsalı 2007-ci il səviyyəsinə enib. Müqayisələr göstərir ki, ötən il adambaşına ÜDM 3 min 900 dollar, 9 il əvvəlsə 3 min 842 dollar olub. Göründüyü kimi, adambaşına ÜDM göstəricisi üzrə enmə səviyyəsi daha dərindir. Çünki hər il əhalinin sayında artım qeydə alınır. Beləliklə də, Azərbaycan Dünya Bankının təsnifatına görə, ortadan yuxarı gəlirli ölkələr ( $4,036-dən $12,475-dək) qrupundan çıxaraq ortadan aşağı ölkələr ( $1,026-dən $4,035-dək) qrupunda yer alıb.

Ötən il Azərbaycan Respublikasının dövlət büdcəsinin gəlirləri dollar ifadəsində 10,2 milyard təşkil edib ki, bu da 2008-ci il səviyyəsindən aşağı, 2007-ci il səviyyəsindən isə yuxarıdır.

2017-ci il yanvarın 1-ə Dövlət Neft Fondunun (DNF) aktivləri 33 milyard 147 milyon ABŞ dollarına, Azərbaycan Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları isə 3 milyard 974 milyon ABŞ dollarına bərabər olub. Bu, o deməkdir ki, DNF-nin 2017-cı il yanvarın 1-nə olan aktivləri 2012-ci il səviyyəsindən, eləcə də AMB-nin valyuta ehtiyatları 2008-ci ilə səviyyəsindən də aşağı düşüb. Bütövlükdə Azərbaycan Respublikasının strateji valyuta ehtiyatları 2017-cı il yanvarın 1-nə 37 milyard 121 milyon ABŞ dolları təşkil edib ki, bu da 2011-ci ilin əvvəlinə olan vəziyyəti xarakterizə edir.

Göründüyü kimi ötən ilki böhranın nəticəsində Azərbaycan iqtisadiyyatının durumunu xarakterizə edən bir sıra göstəricilər üzrə nəticələr 10 il bundan əvvəlki vəziyyətə, 2007-ci ilə səviyyəsinə düşüb. Bu isə o deməkdir ki, iqtisadiyyatımız kiçilir, geri gedir. Bəlkə də bu məqsədli şəkildə edilir, çünki ildən-ilə kiçilən iqtisadiyyat həm də azalan istehlak deməkdir. Belə olan halda ölkə vətəndaşlarının ehtiyaclarını qarşılama daha da asanlaşır, amma ölkə dünya üzrə orta inkişafdan geri qalıb.

Müqayisə üçün onu da qeyd edim ki, ötən 10 il ərzində Azərbaycana dövlətin faktiki xarici borcları 3,63 dəfə artıb, istehlak qiyməti indeksi 60 faizə qədər yüksəlib, işsizlik kütləvi və xroniki xarakter alıb, təbii ki, bütün bunların nəticəsində yoxsulluq həddindən aşağıda olan əhalinin sayı da çoxalıb. Nəticədə də ölkənin perspektivlərini tutqun görən yüz minlərlə ağıllı, təhsilli və pullu Azərbaycan vətəndaşı ölkəni tərk edib. Baxmayaraq ki, bu, hələ son deyil.

Daha çox göstər
Back to top button