Təhlil

Azərbaycan oliqarxlarının gizli şirkətləri – ARAŞDIRMA

Avropa Şurasının Korrupsiyaya Qarşı Ölkələr Qrupu (GRECO), bir neçə ildir, Azərbaycan hökumətinə tövsiyə edir ki, deputatlar, məmurlar, hakimlər və prokurorlar gəlir deklarasiyalarını açıqlasınlar. Amma nə fayda. Tövsiyəyə əməl olunmur ki, olunmur.

“Bu sahədə ciddi irəliləyişin olmaması… məmurların əmlakını bəyan etməsi üçün effektiv sistemi işə salmağa siyasi iradənin çatmamasından şübhələnməyə əsas verir» – qrupun 17 martda (2017) açıqlanan son Qiymətləndirmə hesabatında belə deyilir.

Azərbaycanda məmurlara və deputatlara bağlı bəzi şirkətlər nəinki bəyan edilmir, hətta ciddi-cəhdlə gizlədilir. AzadlıqRadiosu-nun araşdırmasından məlum olur ki, gizlədilən şirkətlər əsasən ən yüksək vəzifəli məmurlara bağlı olanlardır. Onların arasında prezidentin ailəsinə, fövqəladə hallar nazirinə aid şirkətlər çoxluq təşkil edir.

Məşhur şirkətlər, özü var, izi yoxdur

Bu yaxınlarda daha bir şirkət haqqında qanunla açıq olan məlumatlar vergi ödəyicilərinin məlumat bazasından ərşə çəkilib. «Paşa Development» şirkətinin kapital artımları barədə məlumatlar mediada var, amma Vergilər Nazirliyinin idarə etdiyi Kommersiya hüquqi şəxslərin dövlət reyestrində onun izi də görünmür. Hərçənd ki, hələ avqust ayında «Paşa Development» barədə məlumat açıq idi.

«Paşa Development» MMC kimi yüksək vəzifəli şəxslərə bağlı qurumların reyestr məlumatlarının (nizamnamə kapitalı, təsis tarixi, qanuni nümayəndəsi, ünvanı və s) gizlədilməsi nadir hadisə deyil. AzadlıqRadiosu-nun araşdırmalarına görə, söhbət, ən azı, 27 şirkətdən gedir. Onların bir qismi barədə məlumat yarandığı gündən gizli saxlanır, bir qismini isə sonradan gizlədiblər.

Şirkət məlumatlarının vətəndaş üçün açıq olması əhəmiyyətlidir. Bunu iqtisadçı Natiq Cəfərli deyir:

“Belə reyestrlər vətəndaşlara xidmətləri təklif edənlər, istehsalçılar, ünsiyyətdə olduğu şirkətlərlə bağlı məlumat toplamağa imkan verir. Vətəndaşlar büdcə tenderlərini udan, onların istehlak etdiyi malları istehsal edən şirkətlər barədə məlumatları əldə etmək imkanında olmalıdırlar”.

İqtisadçı təəssüflə bildirir ki, Azərbaycanda vətəndaşın ala biləcəyi informasiya da tam deyil.

2012-ci ilədək Vergilər Nazirliyinin reyestrində şirkətlərin sahibi barədə də məlumat tapmaq olurdu. Lakin bir sıra jurnalist araşdırmaları böyük büdcə sifarişləri udan şirkətlərin arxasında məmurların dayandığını aşkara çıxardıqdan sonra qanunlara dəyişiklik edilərək, həmin məlumatlar gizlədildi.

Natiq Cəfərli deyir ki, başqa ölkələrin reyestrlərində daha çox məlumat verilir – təsisçilər, maliyyə vəziyyəti, vergi tarixçəsi və s göstərilir. Təəssüf ki, azərbaycanlılar hətta büdcə sifarişləri hesabına qazanan şirkətlər barədə də bu cür dolğun məlumatları ala bilmirlər.

Əkrəm Həsənov: Özlərini biabır edirlər

Hüquqşünas Əkrəm Həsənov isə hesab edir ki, bu məlumatların gizlədilməsi şirkətlərin nüfuzuna zərbə vurur.

“Mən bu işdə məlum holdinq və şirkətlərin rəhbərlərinin və hüquqşünaslarının bisavadlığını görürəm. O qədər savadsızdırlar ki, öz kölgələrindən belə qorxurlar. Guya bununla təsisçiləri qoruyurlar, əslində isə onları biabır edirlər. Güman edirəm ki, bu şirkətlərin təsisçilərinin bu işlərdən heç xəbəri də yoxdur. Vergilər nazirliyi isə ortada gəzən adamların dediyi ilə oturub-durur”.

«Paşa Holdinq»

Məlumatları gizlədilən şirkətlərin bir çoxunun ucu ölkənin ən yüksək vəzifələrini tutan adamlara gedib çıxır. Bu şirkətlərin əhəmiyyətli bir hissəsi («Paşa Bank», «Paşa Sığorta», «Paşa Həyat Sığorta», «Paşa İnşaat», «PMD Group», «Paşa Beton», «Amal İnvestment Group», «Lenkeran Hotel and Resort Company», «Paşa Development», «Qlobeks» MMC-lər) «Paşa Holdinq» şirkətlər qrupuna daxildir. “Paşa Holdinq”in əsas pay sahibləri prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalardır. Bu barədə ətraflı bu araşdırmada oxuyun: Paşa Holdinq haqda bilmədikləriniz

Bu adların çoxu biznes ictimaiyyətinə və cəmiyyətə kifayət qədər tanış olsa da, barələrində kommersiya qurumlarının reyestrində məlumat yoxdur. Məsələn, «Qlobeks» MMC «Four Seasons Baku» mehmanxanası biznes adı ilə fəaliyyət göstərir. Holdinqə daxil olan «Absheron Hotel Group» MMC isə bu otelin sahibkarı olduğunu bildirir. Şəhərin ən mərkəzi məkanlarından birində, qədim qala divarının bir hissəsinin yerində salınan otelin idarəçisinin qeydiyyatı, nə hikmətdirsə, Vergilər nazirliyinin reyestrində tapılmır.

Patruçiçin sözlərinə görə, müasir dünyada nəyisə gizlətmək çox çətindir. “Azərbaycan rəsmilərinin və onların ailə üzvlərinin xaricdə buraxdığı izlər qalır və onların pullarını, əmlaklarını ən azından, xaricdə izləmək mümkündür. Son zamanlar aşkara çıxan məlumat topluları göstərir ki, nə qədər çalışsalar da, həqiqəti sona qədər gizlətmək mümkün olmur”.

azadliq.org

Daha çox göstər
Back to top button