İctimaiyyət

İlham Əliyevin yarımçıq əfv sərəncamı cəmiyyətdə haqlı narazılıq və suallar doğurub

Milli Şura İlham Əliyevin son əfv sərəncamını sərt tənqid edib. Qurumun yaydığı bəyanatda deyilir:

“Demokratik Qüvvələrin Milli Şurası bəyan edir ki, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli əfv sərəncamı Azərbaycan toplumu və beynəlxalq ictimaiyyət tərəfindən ona bəslənən ümidləri doğrultmayıb, humanizm mahiyyəti daşımır, siyasi məhbus probleminin həllinə ciddi töhfə verə bilməyib, əskinə, heç bir cinayət törətməmiş vicdan məhbuslarına deyil, əsasən, konkret ağır cinayətlər törətmiş məhkumlara şamil olunmaqla cəmiyyətdə haqlı narazılıq və suallar doğurub.

 Əfv nəticəsində yalnız aktiv siyasi fəaliyyətlə məşğul olan qohumlarından imtina etməyə məcbur edilmiş və cəza müddətinin bitməsinə az zaman qalmış bir neçə siyasi məhbus azadlığa çıxa bilib.

Azərbaycan siyasi hakimiyyəti uzun illər siyasi məhbus problemindən, yəni, fərqli düşüncə sahibi olan ölkə vətəndaşlarını müxtəlif saxta ittihamlarla şərləyib həbs edərək daha sonra onlardan beynəlxalq təşkilatlarla siyasi alver vasitəsi kimi istifadə etmək təcrübəsindən yayarlanıb. Vicdan məhbuslarının və siyasi məhbusların konveyer üsulu ilə həbsi və sonradan onlardan bir neçə nəfərinin prezidentin əfv sərəncamları ilə azadlığa buraxılması bir qayda olaraq beynəlxalq təşkilatların “alqış” açıqlmaları ilə müşayiət olunub. Bu da Azərbaycan hakimiyyətinə zəruri məqamlarda siyasi divident qazandırmaqla nəticədə konveyer prosesinin yeni siyasi məhbuslara ehtiyacını stimullaşdırıb və proses davamlı xarakter alıb.

Böyük məyusluq doğurmuş 16 mart 2017-ci il sərəncamından fərqli olaraq 17 mart 2016-cı il əfv sərancamı ilə bir çox siyasi məhbus əfv edilmiş, ardından məhkəmə qərarları ilə tanınmış vicdan məhbusları şərti azadlığa buraxılmışdı. 2016-cı il əfvi, heç şübhəsiz ki, beynəlxalq ictimaiyyətin, beynəlxalq insan hüquqları təşkilatlarının, ABŞ Konqresinin, Avropa Parlamenti və Birliyinin, AŞPA-nın, BMT-nin, UNESCO-nun, hətta məşhur dünya ulduzlarını əhatə edən geniş ictimai-siyasi-mədəni koalisiyanın həyata keçirdiyi təzyiq kampaniyası sayəsində mümkün olmuşdu. Nüfuzlu dünya ölkələrinin və beynəlxalq təşkilatların liderləri səviyyəsində Azərbaycan siyasi hakimiyyətindən siyasi məhbusların azadlığı açıq və aydın şəkildə, ictimaiyyətin gözü qarşısında tələb edilmişdi. ABŞ Konqresinin Helsinki Komissiyası tərəfindən hazırlanaraq müzakirəyə çıxarılmış və Azərbaycan ali rəhbərliyinə qarşı sanksiyaları ehtiva edən qanun layihəsi, heç şübhəsiz ki, bu kampaniyanın uğurla sonuclanmasında müstəsna rol oynamışdır. Məhz bu açıq, aydın, prinsipial və ardıcıl mövqe ötən ilin yazında siyasi məhbusların ciddi bir hissəsinin azadlığı ilə nəticələndi.

Təəssüf ki, ötənilki əfv sərəncamından sonra beynəlxalq ictimaiyyətdə arxayınlıq yarandı, uca səslə tənqidlər eşidilmədi, sanksiya mövzusu gündəlikdən çıxarıldı. Azərbaycan hakimiyyəti ilə ictimaiyyət qarşısında deyil, bağlı qapılar arxasında danışmaqla da nəticəyə nail olmağın mümkünlüyü kimi yanlış qənaətə gəlindi. Bu yanlış qənaətin ən bariz nümunəsi 16 mart tarixli əfv sərəncamıdır. Mübaliğəsiz demək olar ki, bu sərəncamla beynəlxalq birliyin son bir ildə Azərbaycan hakimiyyəti ilə siyasi məhbus probleminə münasibətdə həyata keçirdiyi “yalnız bağlı qapılar arxasındakı ictimaiyyətdən gizli söhbətlər” siyasəti tam şəkildə iflasa uğradı.

Milli Şura Azərbaycanda demokratiya quruculuğunun Azərbaycan xalqının məsuliyyəti və vəzifəsi olduğunu vurğulamaqla yanaşı onu da qeyd edir ki, bu gün faktiki yarımdiktatura rejiminin hökm sürdüyü, siyasi fəaliyyət imkanlarının yarımleqal xarakter daşıdığı, tənqidi facebook statusuna görə insanların on il həbs cəzası aldığı şəraitdə siyasi məhbus probleminin həll olunmamasının məsuliyyəti Azərbaycan avtoritar hakimiyyətindən sonra həm də bu sahədə yanlış siyasət yürüdən, hakimiyyətin müəyyənləşdirdiyi oyun qaydalarını qəbul edən beynəlxalq təşkilatların üzərindədir. Milli Şura beynəlxalq birliyi bu yanlış mövqeyindən imtina edərək Azərbaycan hakimiyyətinin öz vətəndaşlarına, fərqli düşüncəyə qarşı repressiya siyasətini hər müstəvidə, uca səslə, açıq şəkildə pisləməyə, Azərbaycanın beynəlxalq birlik qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini hər fürsətdə və bütün vasitələrlə tələb etməyə çağırır”.

Daha çox göstər
Back to top button