Ekspert: ‘Dövlət büdcəsi sağmal inək deyil’

Azadliq.info «Acqarına yaşayan əhali» sərlövhəli məqalədə iqtisadçı-ekspert Vahid Məhərrəmovun düşüncələrinə yer verib.
V.Məhərrəmov qəzetə deyib ki, Azərbaycan əhalisi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi gündəlik və illik qida normasından xeyli az ərzaq istehlak edir.
Ekspert hesab edir ki, xüsusən yüksəkkalorili məhsulların istehlakı müəyyən olunmuş normadan xeyli aşağıdır: «İllik adambaşına ət və ət məhsulları üzrə istehlak norması 84 kiloqram olduğu halda, ölkə əhalisi cəmi 33 kiloqram ət qəbul edir. Süd və süd məhsulları norması 360 kiloqram müəyyən olunub. Ancaq il ərzində 248 kiloqram süd və süd məhsulları istehlak edilir. Balıq və balıq məhsulları üzrə norma 20 kiloqramdır. Azərbaycanda ildə adambaşına cəmi 6 kiloqram balıq düşür. Yumurta norması 280 ədəd müəyyənləşib. Halbuki, adambaşına 155 ədəd yumurta düşür».
Ekspert hesab edir ki, bu, həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməməsindən xəbər verir.
«Exo» qəzetində «Azərbaycanda kütləvi «mərmərləşdirmə» büdcə pullarının silinməsi deməkdir» sərlövhəli məqalə oxumaq olar.
Müəllif paytaxtın bəzi parklarında yerə döşənmiş sürüşkən mərmər plitələrə diqqət çəkir. Yazıda vurğulanır ki, bu mərmərlər qarda-buzda təkcə sağlamlığa ziyan vurmur, elə büdcəyə də ağır yükdür.
Ekspert Nəriman Ağayev mövzu ilə bağlı qəzetə bunları deyib: «Avropada qədimi bordyurların qorunduğu çoxsaylı şəhərlər var. Baxmayaraq ki, onlar bir neçə 100 il öncə qoyulublar. Amma çox yaxşı vəziyyətdədir. Azərbaycanda isə əks proses baş verir. 2-3 il öncə qoyulan mərmər və ya qranit bordyurlar artıq bu gün təmirə ehtiyac hiss edir».
N.Ağayev deyib ki, bütün bunlar da dövlət büdcəsinin dağıdılmasına yol açır: «Dövlət büdcəsi sağmal inək deyil. Odur ki, Hesablama Palatası bu məsələni öz nəzarətinə götürməlidir. Çünki söhbət dövlət vəsaitlərinin dağıdılmasından gedir».