Təhlil

Anar Məmmədli: Əfv sərəncamının mötəbərliyi şübhə altına düşür

”Təəssüf ki, hakimiyyətdə siyasi iradə görünmür”

2017-ci ilin martında verilən əfv sərəncamı ötən il Novruz bayramında verilən sərəncamla müqayisədə fərqləndi. Birinci fərq 2016-cı ildə əfv siyahısında siyasi məhbus hesab olunanların çoxluq təşkil etməsi idi. İkincisi, bu il əfv 400 nəfərdən çox adama şamil olunmuşdu. Baxmayaraq ki, Montorinq Qrupunun üzvləri və hüquq müdafiəçisi Oqtay Gülalıyev gözləntilərinin böyük olduğunu gizlətmirdilər.

Ancaq hüquq müdafiəçiləri və siyasi məhbus sayılanların ailələri sərəncamdan məyus oldular.

Sərəncamı Meydan TV-yə şərh edən hüquq müdafiəçisi Anar Məmmədli bildirib ki, siyasi məhbusların azad olunacağı haqda gözləntilərin olması normaldır:

“Siyasi məhbusların haqsız yerə həbs olunması barədə cəmiyyətdə oturuşmuş qənaət var. İctimai rəy bundan ibarətdir ki, bu adamlar siyasi məhbusdur, ona görə azad olunmalıdır. Bu baxımdan həmin adamların amnistiyaya düşməsi, yaxud əfv edilməsi məsələsi daim gündəmdə olur. Gözləntilər bir tərəfə, bəzən yanlış proqnozlar, açıqlamalar verilir ki, filankəslər buraxılır, sanki insanlara ümid verilir. Bu yanlış, qeyri-dəqiq informasiyalar cəmiyyəti çaşdırır. Baxın, əsasən hansısa beynəlxalq toplantı ərəfəsində hakimiyyətə yaxın təşkilatlar tərəfindən açıqlamalar yayılır ki, yaxınlarda imzalanacaq əfv sərəncamı hər kəsə şamil olunacaq. Mən özüm üçün yəqin etmişəm ki, hakimiyyət nə qədər çox insanı azad etsə də, heç zaman repressiya siyasətini dayandırmaqdan əl çəkməyəcək. 2016-cı ilin martında 17 nəfər azadlığa çıxdı, amma ardınca xeyli şəxs də həbs olundu. İlin sonunda isə Nardaran olaylarıyla bağlı çox ağır qərarlar verildi və siyasi məhbusların sayı iki dəfə artdı. Bu fakt təsdiqləyir ki, hakimiyyət bir tərəfdən kimlərisə azad edirsə, digər tərəfdən repressiya siyasətini davam etdirir. Sanki siyasi məhbus problemi rotasiya xarakteri daşıyır. Nə qədər ki, bu siyasət dəyişməyib, Azərbaycanda siyasi məhbus problemi həll olunmayacaq. Problem bir-iki günün işi deyil, siyasi iradə olmayınca, dəyişiklik gözlənilmir. Təəssüf ki, hakimiyyətdə siyasi iradə görünmür”,-deyə Məmmədli bildirib.

“Hakimiyyətin siyasi məhbus problemini Qərblə alver predmetinə çevirməsi barədə deyilənləri bölüşürsünüzmü” sualına Anar Məmmədli cavab verib ki, Qərb dedikdə, söhbət bir sıra institutlardan gedir:

“Avropa insan hüquqlarını özlərinin prioriteti hesab edən təşkilatlar da var. Tutaq ki, Avropa Şurasında məsələ çox müzakirə olunur, bəzi hallarda ATƏT və Avropa Birliyi diqqət yetirir. Ancaq bəzi dövlətlər var ki, açıq olmasa da, bağlı qapılar arxasında hakimiyyət üçün problem siyasi bazarlıq predmetinə çevrilə bilər. Bunu ehtimal etmək çətin deyil, sadəcə, faktlar yoxdur. Lakin hakimiyyətin bir çox halda Qərbdən olan təzyiqləri önləmək üçün siyasi məhbus problemindən istifadə etməsi faktdır. Son 20 ilin tarixində bəzi beynəlxalq təşkilatların mövqeyini yumşaltmaq üçün belə şeylər olub. Təəssüf ki, məsələlər bağlı qapılar arxasında müzakirə olunur və qarşı tərəfin diplomatları da susur. Məsələ bundadır ki, hakimiyyət alternativ fikirləri boğmaq, insanları siyasi fəaliyyətdən çəkindirmək üçün bu yöndə sərt addımlar atır. Yəni bu, xarici auditoriyadan çox, daxili rəyə yönəlib”.

“Tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsinin ölümü ilə nəticələnən qəzanı törədən və buna görə 12 il azadlıqdan məhrum edilən “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini olmuş Mübariz Mədətovun oğlu Xalid Mədətovun azad olunması əfv sərəncamında bazarlığın olduğu barədə rəy yaradıb. Bunun əsası varmı” sualına Anar Məmmədli cavab verdi ki, bu, artıq siyasi məsələ deyil:

“Çox güman ki, yaxın əlaqələr rol oynayıb. İkinci, hüquq-mühafizə, ədliyyə sistemində rüşvətin, qohumbazlığın olması danılmır. Belə adamların azad olunması hansısa qohumluq vasitəsilə gerçəkləşir. Çünki belə adamların azad edilməsi çox ciddi qanun pozuntusudur və suallar doğurur. Həbsxanalarda o qədər avtomobil qəzalarında ölümə bais olmuş adamlar var ki. Onların neçəsinə əfv şamil edilir? Onlara 7-8 il cəza verilir, azadlığa çıxmalarına 1 il qalsa, əfv olunmurlar. Amma bunun bir adı var: hüquq-mühafizə orqanları korrupsiyaya o qədər çuğlaşıb ki, bu cür adamların əfvə düşməsi müəyyən gümanlara yol açır. Əlbəttə, bu da siyasi problemdir. Ona görə əfv sərəncamının mötəbərliyi şübhə altına düşür”.

Daha çox göstər
Back to top button