Beynəlxalq

Avropa Məhkəməsinin Azərbaycanla bağlı 15-dən çox qərarı gözlənir

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) aprel ayının 13-dək Azərbaycanla bağlı 15-dən çox qərarını elan edəcəyi gözlənir. Həmin qərarlar əsasən, seçki, mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusundan verilmiş şikayətlər əsasına çıxarılmalıdır.

Bu haqda məhkəmənin saytı xəbər verir.

AİHM martın 29-da Gəncə şəhərindən olan kiçik sahibkar İlqar Məhərrəmovun şikayəti üzrə qərarını açıqlamalıdır.

Dükanı “yoxa çıxan” sahibkarın şikayəti

Həmin işin detalları haqda məhkəmənin bilgisinə görə, İ.Məhərrəmov Gəncə şəhərindəki Əttarlar küçəsində kiçik dükanın sahibi olub. 2004-cü ildə Gəncənin icra hakimiyyəti qurumları sahibkardan dükanı boşaltmasını tələb ediblər. Onlar öz tələblərini dükanın qarşısından keçən avtomobil yolunun genişləndirilməsi ilə izah ediblər.

İ.Məhərrəmov buna etiraz edib, təzminat istəyib. Ancaq onun istəyi diqqətə alınmayıb. Ertəsi gün kiçik sahibkarın dəmir konstruksiyalardan qurulmuş dükanının “yoxa çıxdığı” bildirilir. İcra qurumlarının dükanı sahibinin icazəsi, məhkəmə qərarı olmadan ərazidən götürdükləri iddia olunur.

İ.Məhərrəmov məhkəməyə müraciət edib. Ancaq yerli məhkəmələrin heç biri onun şikayətlərini təmin etməyib.

O, AİHM-də şikayətində mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia edib.

8 seçki şikayəti…

Avropa İnsan Hüquqları Məhkəməsinin aprelin 13-də açıqlayacağı gözlənən digər 8 qərar 2010-cu ildə Azərbaycanda keçirilmiş parlament seçkilərindən göndərilən şikayətlərlə bağlıdır.

Həmin şikayətləri parlament seçkilərində müxalifətdən deputatlığa namizəd olmuş I.Hüseynli, S.Kərimli, M.İmanlı, G.Bayramlı, N.Əliyev, Y.Yəhyayev, İ.Hüseynli və B.Haciyev göndərib.

Şikayətlərdə seçki və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunun tanınması, şikayətçilərə təzminat ödənilməsi istənilir.

Bunlardan başqa, aprelin 6-da Avropa İnsan Hüquqları Məhkəməsinin həbslərlə bağlı 15 şikayət üzrə qərarını elan edəcəyi bildirilir. Bu haqda isə vəkil Əsabəli Mustafayev açıqlama yayıb.

Daha çox göstər
Back to top button