Həbsdəki jurnalistin imzaları ekspertizaya göndərildi

Jam.az saytının həbsdə olan baş redaktoru Fikrət İbişbəylinin (Fərəməzoğlu) imzaları ekspertizaya göndərilib. Bu haqda martın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalistin işinə baxan hakimlər qərar çıxarıb. Qərar F.Fərəməzoğlunun vəkili Elçin Sadıqovun vəsatəti əsasında verilib.
F.Fərəməzoğlu üzərindən ona verildiyi iddia olunan 3 min manatın tapılmasına dair protokoldakı (əməliyyat-axtarış fəaliyyətinin keçirilməsi və maddi sübutların götürülməsi protokolu) imzaların ona məxsus olmadığını deyir. Bildirir ki, onun adından başqaları imzalayıb. Ekspertiza da həmin imzaların ona məxsus olub-olmadığını müəyyənləşdirmək məqsədilə təyin edilib.
ŞAHİDLƏR DİNDİRİLMƏYİB
Vəkil əlavə şahidlərin dindirilməsi haqda da vəsatət qaldırmışdı. E.Sadıqovun məhkəmədə dindirilməsini istədiyi şahidlər isə müxtəlif saytların rəhbərləridir. Müdafiəçi deyir ki, onlar dindirilsə, əxlaqsızlıq yuvaları ilə bağlı həmin saytlarda gedən məlumatları onlara F.Fərəməzoğlunun vermədiyi üzə çıxar.
Lakin vəsatət təmin olunmayıb.
Vəkilin daha bir vəsatəti isə jurnalistin mobil telefonuna gəlib-gedən zənglərin müəyyənləşdirilməsi üçün mobil operatora sorğu göndərilməsi haqda idi. Bu vəsatət də təmin olunmayıb.
Məhkəmə prosesi ekspertizanın nəticəsi bəlli olana qədər təxirə salınıb.
Azadlıq.org