Azərbaycanın yollarına “asfaltlanan” korrupsiya
Altı rayonda yol çəkilişinə ayrılan vəsaitlərin 50 faizi haqqında tender məlumatları yoxdur, “Azəravtoyol” ASC isə bildirir ki, qulluq sirri məlumatları olduğundan layihə-smeta sənədlərini açıqlamaq məqsədəuyğun sayılmır
Azərbaycan hökuməti 2013-cü ildə Xızı-Altıağac yolunun yenidən qurulmasına qərar verir. Həmin il pezident İlham Əliyev yolun tikintisi üçün Xızı Rayon İcra Hakimiyyətinə 3 mln. manat ayırır. Tenderin qalibi olan “AzVirt” Məhdud Məsuliyyətli Cəmiyyəti yolun 20.5 km-lik hissəsində inşaat işlərinə başlayır.
2014-cü ildə prezidentin sərəncamı ilə rayon icra hakimiyytinə 10 mln. manat da ayrılır. Rayon mərkəzi ilə Altıağac qəsəbəsini birləşdirən yolun tikintisi davam etdirilir. 2016-cı ildə İlham Əliyev tikintinin başa çatdırılması məqsədilə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 8 mln. manat ayırır.
Xızı-Altıağac yolu layihəsinin tenderdə qiyməti 20 mln. 59 min 77 manat göstərilib. Yolun tikintisinə isə ümumilikdə 21 mln. manat ayrılıb. Yol çəkilişinə layihədə nəzərdə tutulduğundan 940 min manat çox vəsait ayrılıb.
Xızı-Altıağac yolunun inşasını həyata keçirən “AzVirt” MMC layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması üzrə keçirilən tenderin də qalibi olub.
Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl deyir ki, layihə-smeta sənədlərinin hazırlanmasının tikintini həyata keçirən podratçı şirkətə verilməsi maraqlar konflikti yaradır: “Bu “AzVirt”ə sənədləri öz marağına uyğun hazırlamağa imkan verir. Dövlət investisiya layihələrində belə hallar korrupsiya halı kimi dəyərləndirilməlidir. Layihə-smeta sənədləri hələ layihəyə pul ayrılmadan bu sahədə ixtisaslaşmış müstəqil şirkət tərəfindən hazırlanmalıdır”.
“Azvirt” MMC Xızı-Altıağac yolunun layihə-smeta sənədlərinin açıqlanması ilə bağlı sorğunu cavablandırmayıb. “Azəravtoyol” ASC -nin Avtomobil Yollarının İstismarı və Təmiri idarəsinin rəisi Əflatun Qasımov isə bildirib ki, qulluq sirləri ilə bağlı məlumatlar olduğundan layihə-smeta sənədlərinin açıqlanması məqsədəuyğun deyil.
“Global Transport Knowledge Center” təşkilatı bildirir ki, inkişaf etməkdə olan ölkələrin adı korrupsiyada daha çox hallanır: “Bu ölkələrdə siyasi fiqurlar tikinti layihələrini korrupsiya məqsədilə həyta keçirirlər. Üstəlik, yüksək vəzifəli məmurlar tərəfindən himayə olunduqlarına görə tikintini həyata keçirən şirkətlərin məsuliyyətə cəlb olunmaq qorxusu olmur”.
Təşkilat bildirib ki, yol tikintisi ilə bağlı layihələrdə korrupsiyanın qarşısını korrupsiyaya yol açan siyasi fiqurların məsuliyyətə cəlb olunması ilə almaq olar. Azərbaycanda yol tikintisində korrupsiyaya görə nə bir siyasi fiqur, nə də məmur məsuliyyətə cəlb olunub.