Təhlil

Prezidentin şərəf və ləyaqətini ləkələmə cəzası sərtləşdirilir

“Ölkə başçısını ayrıca qoruyan qanuna gərək yoxdur”

Dövlət başçısının şərəf və ləyaqətini ləkələməyə görə nəzərdə tutulan cəza sərtləşdirilir. Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.

Layihənin yaz sessiyasında müzakirə ediləcəyi bildirilir.

Yeni təkliflərə əsasən, prezidentin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltmaya görə 1500-2500 manatadək cərimə, iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Hazırkı qanunvericiliyə əsasən, bu məbləğ 500-1000 manat arasıdır.

Bu əməllərin internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə 2-3 min manatadək olması təklif edilir.

Hazırda isə bu məbləğ 1000-1500 manatadəkdir.

“Turan” İA-nin redaktoru Şahin Hacıyev deyir ki, təklifi irəli sürənlər əvvəlcə məqsədlərini izah etməlidir. Hakimiyyət bununla cəmiyyətdə tənqidi boğmaq və mediada özünə senzuranı bir az da artırmaq istəyir:

“Ümumiyyətlə, indiyə qədər təhqir nə sayılır? – sualına cavab verilməyib. Belə olanda tənqidi məqalə təhqir kimi qiymətləndirilə bilər. Hakimiyyətin bu məsələdə konkret mövqeyi olmayıb. Həmişə məsələyə ümumi ifadələrlə yanaşılıb. Bununla da nəyisə təhqir, yaxud qanuna zidd sayıb təqdim etmək olar. Bu cür gedişat hansısa mövzuları qapalı edir”.

Şahin Hacıyev deyir ki, bu, hakimiyyətin çoxdankı sınanılmış taktikasıdır:

“Paradoksal vəziyyət yaranıb. Hökuməti tənqid edən jurnalistlərin və fəalların bir çoxu xaricdədir. Onları tam şəkildə susdurmağa imkan yoxdur. İnternetin imkanlarını nəzərə alsaq, tənqidin qarşısı alınmır. Hansısa saytları blok edirlərsə, onu aradan qaldırmaq üçün kifayət qədər texniki imkanlar var. Yəni hakimiyyətin təzyiqləri tənqidin qarşısını almır, deməli, bu taktika özünü doğrultmadığı halda mənasızdır”.

Media hüquqçusu Xalid Ağaliyev dəyişiklik təklifini şərh edərkən bildirib ki, Azərbaycanda şərəf, ləyaqət, nüfuzun qorunması ilə bağlı cinayət qanunvericiliyində nəzərdə tutulan müddəalara dəyişiklik edilməsi zərurəti var. Ancaq bu dəyişikliklər məhdudiyyətlərin dairəsini genişlədən məzmunda olmamalıdır:

“Məsuliyyət azaldılamlıdır. Ümumiyyətlə, bu tip məsələlərə görə mülki məsuliyyət nəzərdə tutulmalıdır. Bunu Azərbaycanın qoşulduğu beynəlxalq öhdəliklər, habelə ifadə azadlığı mühitinə sahib olmaq istəyimiz tələb edir. Bir sözlə, ölkə başçısını ayrıca qoruyan qanuna gərək yoxdur”.

X.Ağaliyev yada salır ki, Azərbaycanın cinayət qanunvericiliyində şərəf, ləyaqət, nüfuzun qorunması ilə bağlı iki maddə var. Bunlar Cinayət Məcəlləsinin böhtan və təhqirə görə məsuliyyət nəzərdə tutan 147 və 148-ci maddələridir:

“Siyasi fiqruların şərəf və ləyaqətini bütün vətəndaşlardan ayrıca qoruyan maddələrin olması doğru deyil. Çoxdandır ki, mütərəqqi dünyada belə yanaşmadan imtina tendensiyası hakimdir. Məsələn, Britaniyada qanunlar kralıçanı təhqirə görə məsuliyyət nəzərdə tutur, ancaq orada bu qanunlar 50 ildir tətbiq olunmur. Yaxud, Almaniyada prokurorun təhqirə görə cinayət işi başlada bilməsi üçün prezidentin və ya kanslerin icazəsi olmalıdır. Onlar on illərdir belə icazə vermirlər”.

Xalid Ağaliyev belə tendensiyaların hakim olduğu dövrdə Azərbaycanda cəzaların ağırlaşdırılmasına anlam verməkdə çətinlik çəkdiyini deyir. Vurğulayır ki, ümumiyyətlə istər prezident olsun, istər digər ictimai funksiya yerinə yetirən şəxslər onları tənqid etməyin hüdudları digər şəxslərlə müqayisədə daha geniş olmalıdır:

“Belə dəyişiklik təklifi ilə çıxış edənlər Avropa Məhkəməsinin uyğun presedentləri ilə tanış olmalıdır. “Lingens Avstriyaya qarşı” işi var. Orda jurnalist kanslerə yönəlik “mənəviyyatsız”, “ləyaqətsiz” və “ən aşağı səviyyəli opportunizm” kimi ifadələr işlətmişdi. Sonda məhkəmə belə qərara gəldi ki, jurnalist ifadə azadlığı çərçivəsini keçməyib. Siyasətçilər tənqidlərə qarşı daha dözümlü olmalıdırlar. Yaxud, “Torgeyrson İslandiyaya qarşı” işi də jurnalist polisə “uniformalı vəhşi heyvanlar”, “qəddar və sadistlər” ifadələrini işlətmişdi. Həmin işdə də məhkəmə jurnalistə haqq qazandırıb “polisə qarşı yol verilən tənqidin hüdudları geniş ola bilər”, – dedi. Başqa bir “Toma Lüksemburqa qarşı” işində isə jurnalist su və meşə təsərrüfatı sahəsində çalışan bütün məmurları “cinayətkar korrupsionerlər” adlandırmışdı. O işdə məhkəmə jurnalistin ifadə azadlığına haqq qazandırdı”.

X.Ağaliyev dəyişiklik təklifinə Avropa Məhkəməsinin təcrübəsi işığından yanaşaraq qeyd edib ki, bu dəyişklik daha çox insanları tənqiddən çəkindirməyə xidmət edir.

“Məncə, bu maddə üzrə yerli məhkəmələrin ehtimal olunan qərarları sonuçda Avropa Məhkəməsinin Azərbaycan dövlətini cərimələməsinə gətirib çıxaracaq”.

Meydan TV

Daha çox göstər
Back to top button